Berti Foqts: Belçika yığmasını Mark Vilmots çalışdıracaq
28.04.2010 - 12:08
Berti Foqts: Belçika yığmasını Mark Vilmots çalışdıracaq
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-də rəqibi olan Belçika yığmasını çalışdıra biləcək mütəxəssisin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Foqts hollandiyalı Dik Advokatın gedişindən sonra Belçika millisində boş qalan baş məşqçi postunu Mark Vilmotsun tutacağını düşünür: “Baş məşqçidən başqa, futbolçuların da oyun keyfiyyəti komanda üçün çox vacibdir. Advokat paralel olaraq, Hollandiyanın “Alkmaar” klubunun da baş məşqçisi idi. Orda yaxşı işləyib. Mənə elə gəlir ki, Belçika yığmasının yeni baş məşqçisi Mark Vilmots olacaq. O, yaxşı futbolçu olub, yaxşı keyfiyyətləri var. İnanmıram ki, Belçika yığması Advokatın gedişindən sonra zəif olsun”.

Qeyd edək ki, Belçikanın ən məşhur futbolçularından olan 41 yaşlı Vilmots yığmasının uzun müddət kapitanı olub. O, milli komandada 12 il (1990-2002, 70 oyun, 28 qol) çıxış edib. Mark futbolçu karyerasını 2003-cü ildə bitirdikdən sonra məşqçi kimi çalışmır.