“İspaniya dünya çempionu adını qazanmasa, rüsvayçılıq olacaq”
28.04.2010 - 12:20
“İspaniya dünya çempionu adını qazanmasa, rüsvayçılıq olacaq”
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin favoritlərindən sayılan İspaniya milli komandası turnirə əsas heyətlə yollanacaq. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Visente del Boske mundiala itkisiz gedə biləcəklərini söyləyib.

O bildirib ki, zədəli futbolçular Fernando Torres, Sesk Fabreqas və Andres İnyesta Afrikada təşkil olunacaq yarışda komandaya kömək edə biləcək. Boske bu “üçlük”dən hər hansı birinin mundialdan kənar qala biləcəyi ilə bağlı xəbərləri də təkzib edib. Baş məşqçi iyunun 11-də başlayacaq turnirə yollanacaq heyətin açıqlanması üçün müəyyənləşdirilən sonuncu gün – iyunun 1-dək hər şeyin arxada qalacağını söyləməklə yanaşı, iddiasını da ortaya qoyub: “Biz dünya çempionu adını qazana bilməsək, bu, rüsvayçılıq olacaq”.

Qeyd edək ki, Boske 2008-ci ilin yayında İspaniya Avropa çempionu adını qazandıqdan sonra yığmanın baş məşqçisi postuna keçib.