Mübariz Mənsimov: Roman Abramoviçlə özüm danışaram
28.04.2010 - 13:06
Mübariz Mənsimov: Roman Abramoviçlə özüm danışaram
“Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimov İngiltərənin “Çelsi” klubunun futbolçusu Dekunu almaq fikrində israrlıdır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, tanınmış iş adamı portuqaliyalı yarımmüdafiəçini azarkeşi olduğu “Beşiktaş” üçün transfer etmək istəyir.

İstanbul təmsilçisi digər portuqaliyalı Kuarejmanı ələ keçirmək istəsə də, Mənsimov onun daha məşhur həmyerlisini istəyir. Türk həmkarlarımızın iddiasına görə, həmyerlimiz “Beşiktaş” prezidenti Yıldırım Dəmirörənə belə tövsiyə verib: “Deku ilə Kuarejmanı tərəziyə qoysaq, görərik ki, “Çelsi”nin ulduzu komandaya daha çox yaraşır. Məsələ ilə bağlı London təmsilçisinin sahibi Roman Abramoviçlə özüm danışaram. O, mənim dostumdur. Onunla razılaşıb ödəmələri həll edə bilərəm. Bu transfer “Beşiktaş”a çox fayda verər”.

Lakin Mənsimovla Dəmirörən Dekunun keçidini həll etməyə tələsməməyə qərar verib. Belə ki, onlar klubun baş məşqçisi Mustafa Dənizlinin məsələyə münasibətini öyrənməyi lazım bilib. Mütəxəssis istəyərsə, qiyməti 10 milyon avro dəyərləndirilən 32 yaşlı futbolçu “Beşiktaş”a keçəcək.