“Ağasəlim Mircavadovla mənim yox, atamın problemi olub”
28.04.2010 - 16:20
“Ağasəlim Mircavadovla mənim yox, atamın problemi olub”
“Olimpik-Şüvəlan” klubunun futbolçusu İlqar Qurbanovun apasport.az saytına müsahibəsi

- Unibank Premyer Liqasının lideri olan “Xəzər-Lənkəran”la ölkə kubokunda evdə 1:1 hesablı heç-heçə etdiniz. Bunu ədalətli nəticə sayırsınız?
- Bizim yüz faizli qol imkanlarımız daha çox idi. Uda da bilərdik. “Xəzər-Lənkəran”ın ilk hissədə Denis Kalinkovun iki zərbəsi yadda qalan oldu ki, bunlardan biri qolla nəticələndi. Kalinkovun gözəl qolundan sonra oyunumuz daha da açıldı. Qələbə istəyimiz daha çox idi. Çünki evdə oynayırdıq və qələbə qazanmaq vacib idi. Ancaq uda bilməsək də, hər halda, uduzmadıq da. Hesab edirəm ki, şanslar bərabər qalır. Futboldur, nəticəni bilmək olmaz.

- Ancaq “Xəzər-Lənkəran”da oynamış futbolçu kimi, oradakı ab-hava sizə yaxşı tanışdır. Yəni, Lənkəranda qələbə qazanmaq çox çətindir...
- Bunu çox yaxşı bilirəm. Lənkəranda qalib gəlmək bizə çox çətin olacaq. Üstəlik, heyətdə ciddi itkilərimiz var. İki əsas müdafiəçimiz Aqil Nəbiyevlə Sergey Laşenkov sarı vərəqə limiti aşdıqlarına görə cavab görüşündə meydana çıxa bilməyəcəklər. Digər komandalardan fərqli, ehtiyat oyunçular skamyamız çox qısadır. “Xəzər-Lənkəran”la kubok oyununa əvəzedici heyətdən üç futbolçu götürməli olduq. Başqa komandaların heyətində 26-27 futbolçu varsa, bizdə 15-16 nəfərdir. Bunun da ikisi cəzalananda, vəziyyətimiz lap ağır olur. “Xəzər-Lənkəran”da isə iki bərabər səviyyəli heyət var. Ancaq bununla belə, şansları bərabər sayıram. Sübut etmək istəyirik ki, bizdəki futbolçular “Xəzər-Lənkəran”dan əskik deyil.

- Cari mövsümdə “Xəzər-Lənkəran”la oyunlarınız yaxşı alınır. Çempionatda öz meydanınızda bu komandaya 1:0 hesabı ilə qalib gəldiniz, səfərdə 1:2 hesabı ilə uduzdunuz və etdiyiniz avtoqol nəticəyə təsir göstərdi. Bu dəfə yenə öz meydanınızda uduzmadınız. Bunu nə ilə izah edərdiniz?
- Mən “Xəzər-Lənkəran”da oynayanda bu komandanın ortabab rəqiblərə qarşı problemləri var idi. Bu da ilk növbədə lazımı dərəcə konsentrasiya olmamaqla bağlıdır. Biz Lənkərana qələbə qazanmaq üçün yollanacağıq. Amma çox yaxşı bilirik ki, orda qalib gəlmək heç də asan deyil. Ancaq bununla belə, meydanda var-gücümüzü ortaya qoyacağıq. Çünki finala çıxmağı çox istəyirik.

- Vurduğunuz qolda “Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayevin səhvi də az olmadı...
- “Fənərbaxça”da oynadığım zaman Rüştü Rəncbər demişdi ki, böyük qapıçılar böyük səhvlər edirlər. Yəni, yaxşı qapıçı mütləq səhv etməlidir. Deməzdim ki, Kamranın səhvi böyük idi. Sadəcə, zərbəm güclü olduğundan Ağayev topu əlində saxlaya bilmədi.

- “Xəzər-Lənkəran”a qol vuranda hansı hissləri keçirirdiniz?
- Bu komandaya qol vuranda sevinə bilmirəm. “Sivasspor”da, “Xəzər-Lənkəran”da və yığmada vurduğum qollara baxın. Müqayisə etsək, dağlar qədər fərq var. Lənkərandakı oyunda Viktor İbekoyiyə məhsuldar ötürmə verəndə də sevinməmişdim. Çünki “Xəzər-Lənkəran” mənə çox doğma, əziz komandadır. Orada oynadığım vaxtdan yaxşı xatirələrim qalıb. Bu komandanın heyətində “qızıl dubl” etmişəm. İlqar Qurbanovun bu səviyyəyə çatmağında, tanınmağımda “Xəzər-Lənkəran”ın böyük rolu olub.

- Ancaq 2007-ci ildə baş məşqçi Ağasəlim Mircavadovla problemə görə “Xəzər-Lənkəran”dan ayrıldınız...
- Bu, artıq keçmişdə qalıb. Özü də Mircavadovla mənim yox, atamın problemi olub. Ağasəlim müəllimə qarşı prinsipiallığım yoxdur.