“Berti Foqtsun mənə dəvət göndərəcəyinə inanmıram”
28.04.2010 - 17:35
“Berti Foqtsun mənə dəvət göndərəcəyinə inanmıram”
“Yaxın vaxtlarda milli komandaya qayıdacağıma ümidimi itirmişəm. Berti Foqtsun mənə dəvət göndərəcəyinə inanmıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun futbolçusu İlqar Qurbanov deyib.

Azərbaycan kuboku uğrunda “Xəzər-Lənkəran”la ilk yarımfinal oyununda vurduğu qolla rəqibin qələbəsinə imkan verməyən (1:1) 24 yaşlı yarımmüdafiəçi bir ildir milli komandaya çağırılmır. Baş məşqçi Berti Foqts seleksiya xarakterli son təlim-məşq toplanışında iştirak etməyən futbolçuları qarşıdakı yoldaşlarına çağırmayacağını açıq şəkildə bəyan edib. Bu da İlqarın Moldova, Makedoniya və Hondurasla oyunlarda dəvət edilməyəcəyi deməkdir: “Çətin ki, Foqts məni çağırsın. İkinci “altılıq”da komandalardan futbolçu var, yalnız bizdən yoxdur. Hərçənd, “Olimpik-Şüvəlan” ikinci “altılıq”da 1-ci yerdədir, Azərbaycan kubokunun yarımfinalına çıxıb. Güclü olduğumuz başqa necə sübut edək? Neyləyək, belədir də, özü bilər”

İlqarın hələ ötən il seçmə mərhələdə Foqtsla məşq prosesi zamanı problemi olmuşdu. Foqts belə futbolçudan imtina edərək, 64 yaşında ondan bərk qaçdığını iddia edirdi. Həmin vaxt Türkiyədə oynayan Qurbanov vətənə döndüyünə görə peşman deyil: “Mən Türkiyədə qala bilərdim, təkliflərim var idi. Ancaq vətənə ona görə döndüm ki, yığmanın məşqçilərinin göz qabağında olum, məni çağırsınlar. Ancaq düşündüyüm kimi olmadı. Geri qayıtdığıma görə ona görə peşman deyiləm ki, klubumda mütəmadi oynayıram. İndi bütün diqqətimi “Olimpik-Şüvəlan”a yönəltmişəm. Klubla mövsümün sonuna kimi müqaviləm var. Çempionatın startında “Neftçi”yə uduzsaq da, çox yaxşı təsir bağışladıq. Düzdür, sonradan bəzi problemlər yarandı, komandamızda eniş oldu. Mən də zədə üzündən oynaya bilmədim. Ancaq indi hər şey qaydasındadır. Foqtsla nə ciddi problemim olub ki? Adam öldürməmişəm ki? Həmin vaxt yığmanın düşərgəsinə “Boluspor”un heyətində “Kasımpaşa” ilə oyundan yorğun gəlmişdim. Zədəm də var idi, buna görə qaça bilmədim. Məgər futbolçuya bir məşqlə qiymət verirlər? Gərək onun oyununa baxıb deyəsən ki, bu, yaxşı, yoxsa pis futbolçudur. Ağa ağ, qaraya da qara demək lazımdır”.