17 noyabr – Azərbaycan yığmasının qisas anı
29.04.2010 - 10:59
17 noyabr – Azərbaycan yığmasının qisas anı
Futbol üzrə Azərbaycan yığması noyabrın 17-də Malta ilə qarşılaşacaq. Apasport.az saytının xəbərinə görə, komandamız bu oyuna qisas hissi ilə çıxacaq. Berti Foqtsun yetirmələri daim uduzduğumuz rəqibdən əvvəlki məğlubiyyətlərin əvəzini çıxmalıdır.

Belə ki, Azərbaycan və Malta milliləri indiyədək 3 dəfə qarşılaşıb. Yoldaşlıq xarakteri daşıyan matçlarda rəqibimiz 3 qələbə qazanıb. Komandamız uduzduğu bu qarşılaşmalarda qola da həsrət qalıb və öz qapısından 9 dəfə top çıxarıb.

1994-cü il aprelin 19-da keçirilən matçda futbolçularımız Ta Qali şəhərində 5 cavabsız qol buraxdı. Üstəlik, Vəli Qasımov da penaltidən yararlana bilmədi.

2000-ci ildə Maltada keçirilən “Rothmans İnternational Cup” turnirinin ilk turunda rəqiblər üz-üzə gəldi. Ta Qalidəki görüşdə meydan sahibləri Əsgər Abdulayevin komandasına 3 cavabsız qol vurdular.

2002-ci il aprelin 17-də yenə eyni şəhər Azərbaycan və Malta yığmalarının oyununu qəbul etdi. Bu dəfə Vaqif Sadıqovla səfərə çıxan millimiz cəmi 1 top buraxdı.

Göründüyü kimi, yığmamız oyundan oyuna 2 top “artıraraq”, irəliləyib. Bu il noyabrın 17-də Maltada, alınmasa isə 2011-ci il avqustun 10-da Bakıda tilsimi qırıb zəif rəqibi məğlub etmək olar.