“Neftçi” – “Xəzər-Lənkəran”: hər ikisi təhlükəsizlik istəyir
29.04.2010 - 14:01
“Neftçi” – “Xəzər-Lənkəran”: hər ikisi təhlükəsizlik istəyir
“Neftçi” – “Xəzər-Lənkəran” matçında təhlükəsizliyi və asayişi qorumaq məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə, Daxili Qoşunlara və Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinə müraciət olunub. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XXX turunun mayın 1-də baş tutacaq görüşündə "Neftçi"nin təhlükəsizlik xidmətinin əməkdaşları da bu işlərə cəlb ediləcək.

Paytaxt təmsilçisinin rəhbərliyi tutumu 5 minə yaxın olan stadionda keçirilən qarşılaşma üçün qonaqlara 500 bilet verib. Qaydaya əsasən, rəqib komandanın azarkeşlərinə stadionun tutumunun 5 faizi, təxminən 250 yer verilməli olsa da, bakılılar “Xəzər-Lənkəran”a güzəştə gedib. “Neftçi rəhbərliyi öz azarkeşlərinə müraciət edərək, hər hansı münaqişənin yaranmasına imkan verməmələrini xahiş edib.

Elə lənkəranlılar da qalmaqalın yaşanmasından ehtiyatlanırlar. Final mərhələsinin Lənkəranda baş verən kütləvi nizam-intizamsızlığı xatırlayan “12-ci oyunçu” və “Bosman” fanklubları azarkeşləri təxribata uymamağa çağırır: “Biz "Xəzər-Lənkəran” azarkeşləri olaraq, qarşıdakı matçda xoşagəlməz hallara yol verilməməyi üçün həm futbol qurumlarına, həm də yayım hüququna malik AzTV rəhbərliyinə müraciət edirik.
Bu matçda belə hallara yol verməməklərini tələb edirik. İstənilən formada olan təzyiqlərə qarşılıq verməməklə biz Lənkəranlı futbol azarkeşlərinə yaraşacaq səviyyəmizi nümayiş etdirməliyik. Bütün "Xəzər Lənkəran” azarkeşlərini təxribatlara uymamağa və komandanı sivil yollarla dəstəkləməyə çağırırıq”.

Qeyd edək ki, mayın 1-də keçiriləcək “Neftçi” – “Xəzər-Lənkıran” oyunu saat 17:00-da başlayacaq.