Xoş gördük, köhnə tanış!
30.04.2010 - 17:00
Xoş gördük, köhnə tanış!
Unibank Premyer Liqasında “Neftçi” - “Xəzər-Lənkəran” derbisi bəzi sabiqləri üz-üzə gətirəcək. Apasport.az saytının məlumatına görə, 6 ildir keçirilən “Böyük oyun”da hər iki cəbhədə forma geyinənlər var.

“Xəzər-Lənkəran”ın çalışdırıcı Ağasəlim Mircavadov derbidə hər iki komandanın baş məşqçisi olmuş yeganə şəxsdir. Ötən mövsümü nəzərə almasaq, barışmaz rəqiblərin görüşləri daim təcrübəli mütəxəssisin iştirakı ilə keçirilib. Mircavadov 2004-2006-cı illərdə “Neftçi”də, bundan sonra əks-düşərgədə olub. “Ağ-yaşıllar” bakılılar üzərində ilk, habelə səfərdə yeganə qələbəsini məhz Mircavadovun rəhbərliyi altında qazanıb. Onun əsas köməkçisi Tofiq Mustafayev də əvvəl flaqmanda, sonra cənub təmsilçisində məşqçi kimi “Böyük oyun”un iştirakçısı olub.

Paytaxt komandasının baş məşqçisi Arif Əsədov hələ ilk derbidə iştirak edib. Həmin vaxt o “Xəzər-Lənkəran”ın kapitanı idi. İndi isə vaxtilə rəhbərliyi altında oynayan Mircavadova rəqib olur. Fərq onun həmin vaxt futbolçu, indi isə məşqçi olmasındadır. Əsədovun köməkçisi Bəxtiyar Musayev vaxtilə nəinki “Xəzər-Lənkəran”ın kapitanı, həm də seleksiyaçı məşqçisi olub. “Neftçi”nin inzibatçısı Sabir Hacıyev əvvəllər “Xəzər-Lənkəran”da bu vəzifəni daşıyıb.

Futbolçulara gəlincə, hər iki komandada oynayanlar “Neftçi”də çoxluq təşkil edir. Söhbət Rəşad Abdullayev, Elmar Baxşıyev, Samir Əliyev və gürcü Valeri Abramidzedən gedir. Legioner istisna olmaqla, yerli futbolçuların hər üçü cənub komandasında kapitan sarğısını daşıyıb. Rəşad həm də “Neftçi” – “Xəzər-Lənkəran” derbisində ən çox oynayan, lənkəranlıların bütün titullarına sahib çıxan və heyətində ən çox oynayan futbolçudur (155 oyun, 18 qol).

“Xəzər-Lənkəran” “Neftçi” üzərində səfərdə yeganə qələbəsini (1:0) iki il öncə məhz Rəşadın vurduğu qolla qazanıb. Samir Lənkəran təmsilçisinin 6 illik tarixində ikinci bombardiridir (53 oyun, 34 qol). Abramidze isə ölkəmizdə yalnız “Neftçi” və “Xəzər-Lənkəran”da oynadığından, mükafatları bu komandalarla qazanıb. Əyalət klubunun futbolçularından yalnız Ramazan Abbasov “Böyük oyun”da hər iki cəbhədə olub. O, hər iki komandada daha çox ehtiyatda qalıb. “Xəzər-Lənkəran”da Dmitri Kramarenko, Alim Qurbanov, Ceyhun Sultanov da vaxtilə “Neftçi” oynasa da, bu, “Böyük oyun”dan əvvəl olub.

Qeyd edək ki, “Neftçi” – “Xəzər-Lənkəran” oyunu ölkəmizdə çıxış edən 4 eston futbolçunu da görüşdürəcək. Milli komandalarının da üzvü olan Dmitri Kruqlov, Taavi Rahn, Vladimir Voskoboynikov “ağ-qara”, Txion Şişov “ağ-yaşıl” formanı geyir.