“Xəzər-Lənkəran” məni Bolqarıstan klubuna buraxmadı” - FOTO
30.04.2010 - 23:05
“Xəzər-Lənkəran” məni Bolqarıstan klubuna buraxmadı” - FOTO
“Karyeramı vətənimdə davam etdirmək variantı var idi. Bolqarıstanda adını açıqlamaq istəmədiyim 1-ci liqadan klub tapmışdım. Ancaq “Xəzər-Lənkəran”ı məni buraxmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun bolqar müdafiəçisi Kostadin Cambazov deyib.

2007-ci ilin yayında transfer edilən legioner cari mövsümdə vətəninə dönməyə qərar verdi. Bunu ailə problemləri ilə əlaqələndirən Cambazov kiçik qızının onsuz darıxdığını bildirirdi: “Əlbəttə, mövsümün əvvəlində gedişim böyük səhv idi. Nəticədə artıq 6-7 aydır futbol oynamıram. Bu, məni bir futbolçu kimi geri saldı. Ancaq başqa əlacım yox idi. Kiçik qızım məni görməyəndə bərk ağlayırdı. Bu, ürəyimi ağrıdırdı. Belə vəziyyətdə necə oynaya bilərdim? Artıq hər şey qaydasındadır və ailəm, həyat yoldaşım, qızlarımla birgə xoş həyat keçirirəm”.

Futbolçu kimi gerilədiyini etiraf edən Cambazov bütün ümidlərini yaya bağlayır: “Xəzər-Lənkəran” məni transferə çıxarıb və başqa kluba keçidimə görə müəyyən məbləğ qoyub. Bunu açıqlamaq istəmirəm. Məni almaq istəyən klub həmin pulu ödəməlidir. Ancaq bütün dünyada, o cümlədən Bolqarıstanda maliyyə böhranı var. Buradakı klubların böyük məbləğ ödəməyə gücü çatmır. “Xəzər-Lənkəran” rəhbərliyini də başa düşürəm. Onlardan incimirəm. Bu, onların qərarıdır. Lənkəranda heç vaxt problemim olmayıb. Hələ ki yalnız məşq etməklə kifayətlənirəm. “Xəzər-Lənkəran”la bir illik müqaviləm var. Ümid edirəm ki, mövsüm bitəndən sonra rəhbərliklə başqa kluba keçidimlə bağlı ortaq məxrəcə gələcəyik”.