Rəşad Sadıqov: Mən “altılıq” sisteminin tərəfdarı deyiləm
30.04.2010 - 23:15
Rəşad Sadıqov: Mən “altılıq” sisteminin tərəfdarı deyiləm
Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Əvvəlcə istərdik “İnter”lə oyun barədə fikirlərini bildirəsiniz. Bu oyundan nə gözləyirsiniz?
- Hər oyuna olduğu kimi, “İnter”lə görüşə də ciddi hazırlaşırıq. Hər iki komandaya xal lazımdır. Məncə, həmişə “İnter”lə oyunlarımız necə maraqlı və gərgin olubsa, bu dəfə də elə olacaq.

- Amma cari mövsümdə “İnter”i məğlub edə bilməmisiniz...
- Onlar da bizi cəmi bir dəfə məğlub ediblər. Çox oyunlarımız heç-heçə bitir. Bu gün əlimizdən gələni edəcəyik ki, yaxşı oynayıb qələbə qazanaq.

- Ötən mövsüm avrokuboklarda uğurlu çıxış etdiniz. “Qarabağ”ın yenidən Avropa arenasında görünmək şansını necə qiymətləndirirsiniz?
- Mövsümün başa çatmasına 3 tur var. Nə baş verəcəyini bilmək olmaz. Hər oyunda hamı xal itirə bilər. Şanslarımız yaxşı deyil, amma pis də demək olmaz. Sonacan mübarizə aparacağıq ki, avrokuboklara vəsiqə qazanaq. Oyunlarımızın ikisi səfərdədir. Hər oyundan maksimum xal götürmək lazımdır.

- Unibank Premyer Liqasının ilkin mərhələsində çox uğurlu çıxış etdiniz. Demək olar ki, qarşınıza çıxan yox idi. Ancaq final mərhələsində eyni uğuru təkrarlaya bilmədiniz. Siz bunun səbəbini nə ilə əlaqələndirirsiniz?
- Səbəbini, konkret niyə belə olduğunu bilmirəm. Bəzi oyunlarda pis oynadıq. Əksər qarşılaşmalarda yaxşı oynasaq da, nəticə qazana bilmədik. Nəticə olmayanda da hər şey gözə pis görünür. Əslində, “Qəbələ” və “İnter”lə heç-heçə oynadığımız və “Xəzər-Lənkəran”a məğlub olduğumuz görüşlərdə yaxşı futbol oynadıq. Sadəcə, qələbə qazana bilmədik. “Altılıq” sistemində “İnter” və biz cəmi bir qələbə qazanmışıq. Ümumiyyətlə, “altılıq” sistemində qələbə qazanmaq bütün komandalar üçün çətindir.

- Uğursuz çıxış etmənizi, mövsümə bir qədər erkən başlamanız və Avropa Liqasında ağır oyunlar keçirməyinizlə əlaqələndirmək olarmı?
- Xeyr. Yığmada çox oyunçumuz var. Bilirsiniz ki, 9 futbolçumuz millinin üzvüdür. Ola bilər ki, oyunların çox olması bir qədər yorğunluğa səbəb olub. Çünki futbolçularda yorğunluq hiss olunurdu.

- Oyunların çətin keçdiyini, qələbə qazanmağın asan olmadığını dediniz. “Altılıq” sisteminin mənfi və müsbət tərəfləri var. Siz milli komandanın kapitanı, Unibank Premyer Liqasında çıxış edən futbolçu kimi hansı sistemin futbolumuz üçün daha əlverişli olduğunu düşünürsünüz?
- “Altılıq” sisteminin tərəfdarı deyiləm. Subyektiv fikrimdir, istəməzdim bu sistem olsun. Əgər “altılıq” sistemi olmasaydı, bu mövsüm ən azı 2-ci və ya 3-cü yeri tutmuşduq. “Bakı”, “Neftçi” və bir çox komanda yarışdan qopmuşdu. Çempionatın startında uğursuz çıxış edirdilər. Ancaq “altılığ”a görə təslim olmurdular, sonacan mübarizə aparırdılar. Açığı, “altılıq” bir az çətin, ağır sistemdir. İstərdim ki, növbəti mövsüm “altılıq” yox, dövrəli sistem olsun.

- Konkret neçə komandanın iştirakının və hansı sistemin olmasını istərdiniz?
- Mən şəxsən 10 komandalı 4 dövrəli sistemin tərəfdarıyam. Bizim üçün ən əla, ideal variant budur.

- Uzun illər “Neftçi”nin formasını geyinmisən və “Xəzər-Lənkəran”a qarşı oynamısan. Bu gün keçiriləcək “Neftçi” – “Xəzər-Lənkəran” oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Lənkərandakı kimi dava-dalaşla yadda qalmasını istəmirəm. Bu komandaların oyunları həmişə gərgin və maraqlı keçir. Gah “Xəzər-Lənkəran” qalib gəlir, gah “Neftçi”. Oyunun da maraqlı keçəcəyini güman edirəm.

- Sonda milli komanda ilə bağlı fikirlərini bilmək maraqlı olardı. May ayının sonu iyunun əvvəli təlim-məşq toplanışı və 3 yoldaşlıq oyunu olacaq...
- Çox vacib görüşlərdir. Çünki seçmə mərhələ öncəsi son yoxlama oyunlarımızdır. Komanda öz oyununu göstərməlidir, heyət bəlli olmalıdır.