“Bakı”nın futbolçusu “Xəzər-Lənkəran”a həsəd aparır
01.05.2010 - 09:26
“Bakı”nın futbolçusu “Xəzər-Lənkəran”a həsəd aparır
“Türkiyə ilə Azərbaycan futbolunu müqayisə etmək tezdir. Qardaş ölkə futbolu yeni inkişaf mərhələsinə qədəm qoyub”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun türkiyəli legioneri Gürşad Duymuş deyib.

Həmvətəni Yüksəl Kepoğlu ilə birgə TRT3 kanalının hazırladığı verilişdə iştirak edən təcrübəli futbolçu ölkəmizə necə gəlməsindən danışıb: “Əvvəlki baş məşqçi Bülənt Qorxmazın dəvəti ilə Bakıya gəlmişəm. Komandamız həm çempionluğa, həm də kubokda iddiasını davam etdirir. Qorxmazın gedişi belə komanda daxili ab-havaya təsir etməyib. Burada maddi və digər baxımdan ciddi problem yoxdur. Azərbaycan futbolunun ən yaralı yeri bazaların olmamasıdır. Yəni, bizim 80-90-cı illərdə üzləşdiyimiz çətinliklər kimi. Bu problemi də maddi imkanı yaxşı olan klublar həll etməyə çalışırlar”.

Türkiyəli həmkarımız Gürşada Türkiyə ilə Azərbaycan azarkeşlərinin müqayisə etməsini istəyib: “Bizdə olduğu kimi, burada da paytaxtın 4 komandasının olması azarkeşləri bölüb. Ancaq Bakıdan fərqli, bölgələrdə futbola daha çox maraq var. Misal üçün, “Xəzər-Lənkəran” klubunun gözəl stadionu və çılğın azarkeşləri var. Ən azı 10 min, 12 min tamaşaçı qarşısında oynayır. Bizim isə o qədər də çox azarkeşimiz yoxdur. Ancaq mövsümün sonu olması azarkeşləri bir qədər aktivləşdirib. Belə ki, son oyunlarda tribunalara daha çox tamaşaçı gəlir”.