Hacı Hacıyev Mahir Şükürovu əvəzləyən futbolçunu təriflədi
01.05.2010 - 10:00
Hacı Hacıyev Mahir Şükürovu əvəzləyən futbolçunu təriflədi
“Əlbəttə, komandanın daha aqressiv oynamasını istərdik. Biz samaralıların necə əks-hücum etməyini bilirdik və bu haqda futbolçularla danışmışdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev deyib.

Həmyerlimiz Mahir Şükürovun heyətində yer aldığı “Anji” Premyer Liqanın son turunda evdə “Krılya Sovetov”la görüşü qolsuz heç-heçə nəticələndi. Növbəti 2 xal itkisindən narazı qalan Hacıyev start heyətində yer verdiyi Şükürovu fasilədə əvəzlədi. Dağıstanlı mütəxəssisin Mahirin yerini buraxdığı Qoça Xocavanı tərifləməsi futbolçumuz üçün heç də yaxşı məlumat deyil: “Onu da qeyd edim ki, Xocavanın rolu komandana daha vacib ola bilər və olmalıdır. O, sonradan meydana girməklə, öz fərdi oyun keyfiyyətləri ilə rəqib qapısı qarşısında gərginliyi dərhal artırdı. Təəssüf ki, Qoçanın fiziki durumu ona 90 dəqiqə boyu hərəkət etməyə imkan vermir. Bundan əlavə, diz nahiyəsində problemləri olub. Niyə mən daha çox məhz Xocava haqda danışıram? Axı bu məşhur prinsipdir: istedadlı futbolçulara tələb də çoxdur”.