“Berti Foqts mənə söz verib”
03.05.2010 - 13:20
“Berti Foqts mənə söz verib”
“Azərbaycan yığmasının dünya çempionatının final mərhələsində qrup səddini keçməsini istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib.

Rayt vətənində verdiyi müsahibədə yığmamızla anlaşdığını təsdiqləyib və 2012-ci ildə Bakıda keçiriləcək mundialın final mərhələsinə birbaşa vəsiqə qazanan Azərbaycan millisinin iddiasını da açıqlayıb: “Bununla yanaşı, bizim üçün ən prioritet mövzu infrastrukturla bağlıdır. İşə başlamağımızı səbirsizliklə gözləyirəm”.

Alman məşqçi Azərbaycanda çalışmaq variantının necə yarandığını da açıqlayıb: “Hər şey martda baş verdi. Məni Almaniya Futbol İttifaqına çağırdılar. Markus Veydnerlə söhbətimiz oldu. O, məni Münhendə olan AFFA-nın baş katibi Elxan Məmmədov və müavini ilə tanış etdi. Razılaşdıq ki, Bakıya 5 günlük səfər edib, bütün tərəddüdümə son qoyum. Əminəm ki, düzgün seçim etmişəm. AFFA futbola real baxışlarla yanaşır. Berti Foqts və digər alman məşqçilər də mənə dəstək olacaqlarını söz veriblər. Mən çoxlu təəssüratlar qazanacağam. İnanıram ki, sonradan buna peşman olmayacağam”.

Ölkəmizdə gördüklərindən məmnun qalan Rayt yığmamıza kömək etməyə hazır olduğunu bildirib: “Qadınlardan ibarət Azərbaycan milli komandasının hazırlığını izləməkdən müsbət təəssüratlar aldım. Oradakı həyat tərzi də çox xoşuma gəldi. Orta məktəblərin birində olarkən, 60-80 qızın futbol oynamaq istəyini görəndə, daha da həvəsləndim. Təbii ki, Almaniya ilə müqayisə olacaq səviyyədə deyil. Lakin bu qızlar işlərinə ürəklə yanaşsalar, kifayətdir. Çünki mən də onlara kömək edəcəyəm. Bunun üçün isə hər cür şərait var. Futbol akademiyası, qərargah, meydanlar – hər şey müasir səviyyədədir”.