“Tvente”də 168 dəqiqə: gündə 89 saniyə futbol
04.05.2010 - 13:00
“Tvente”də 168 dəqiqə: gündə 89 saniyə futbol
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov üçün 2009/10 mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubunun həm əsas, həm də əvəzedici komandası yay fasiləsinə çıxıb.

Bu il yanvarın 11-də Enshede təmsilçisi ilə müqavilə bağlayan 21 yaşlı hücumçu 4 aya yaxın müddəti zədəlilər sırasında və ehtiyat oyunçular skamyasında keçirdi. Əsas komandanın baş məşqçisi Stiv Maklarenin, ümumiyyətlə güvənmədiyi və daha çox tribunada yer verdiyi Cavadov yalnız əvəzedici heyətdə şans qazandı.

Mayın 3-də ikinci komandaların yarışının yekunlaşması ilə Vaqif üçün 113 gündən ibarət “Tvente”dəki ilk mövsüm də başa çatdı. Bu müddətdə cəmi 3 görüşə çıxan hücumçu 1 dəfə yoldaşlıq, 2 dəfə çempionat matçında Rene Akenin etimadını qazandı. Hər 3 halda start heyətində meydana çıxan futbolçumuz vur-tut 168 dəqiqə oynadı. “Tvente” ilə müqavilənin mövsümün sona çatmasından 113 gün əvvəl bağlandığını nəzərə alsaq, Cavadov orta hesabla gündə 89,2 saniyə futbol oynayıb.

Qeyd edək ki, Hollandiyaya transferinədək – mövsümün ilk yarısını “Qarabağ”da keçirən Vaqif Ağdam təmsilçisinin heyətində 23 oyunda 5 qol vurmuşdu.

N

Tarix

komanda

Rəqib

hesab

Oyunun statusu

Dəqiqə

1

03.02.2010

əvəzedici

“Bohum”, Almaniya

1:4

yoldaşlıq

45, start heyətində

2

19.04.2010

əvəzedici

“Sparta”

1:2

çempionat

45, start heyətində

3

26.04.2010

əvəzedici

“Vitess”

0:2

çempionat

78, start heyətində