Cüneyt Biçər: İnanmıram ki, yenə belə şərtlər olsun
04.05.2010 - 13:47
Cüneyt Biçər: İnanmıram ki, yenə belə şərtlər olsun
“Biz “İnter”lə cavab görüşünü də Bakıda keçirsək də, hər halda, rəqib meydanında oynayacağıq. Bu mənada bizi çətin sınaq gözləyir. Təbii ki, kubok oyunu bizim üçün önəmlidir. Evdə uduzduğumuzdan, mütləq qələbə qazanmalıyıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.

Azərbaycan kubokunun yarımfinal mərhələsində “İnter”lə cavab görüşünü səfərdə keçirəcək son ölkə çempionu Biçərin rəhbərliyi altında ilk vaxtlar uğurla çıxış etsə də, son üç oyunda qələbə qazana bilmir. Daha çox bəxtsizlikdən gileylənən gənc çalışdırıcı narahatçılığa ciddi əsas görmür: “Neftçi” ilə oyunda qələbəyə layiq olsaq da, ikinci hissədə heyətimizdə itkilər öz sözünü dedi. Bir futbolçumuz qırmızı vərəqə alıb, meydandan çıxarıldı, ardından digər oyunçumuz zədə üzündən əvəzlənməli oldu. 10 nəfərlə qalan komandamız yalnız son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verdi. “İnter”lə ilk oyunda yaxşı oynadığımızı deyə bilmərəm. “Qəbələ” ilə görüşdə isə şanssız qol yedik. Bir səhv oyunun taleyini həll etdi. Qapıçımız topu əlində saxlaya bilmədi və rəqib futbolçuya yalnız topa toxunmaq qaldı. Ancaq “İnter”lə cavab görüşü ilə Qəbələdəki oyun fərqlidir. İnanmıram ki, yenə belə şərtlər olsun”.

“Bakı”nı bu həftə “İnter”lə ardıcıl iki oyun gözləyir. Çempion bazar günü Premyer Liqanın növbəti turu çərçivəsində həmşəhərlilərini qonaq edəcək. Biçər hər iki görüşdə qələbə qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlarını söyləyir: “İnter”ə sabah oynayacağımız “Şəfa” stadionunda çətin anlar yaşatmışdıq. Həmin “altılıq” oyununda ilk dəqiqədə hesabı açsaq da, sonradan üzücü qol buraxdıq. Futbolçumuz topu öz qapısına göndərdi. Belə götürəndə, “İnter”lə ilk oyunda 0:0 hesablı heç-heçə edəndə də qol vurmağımız lazım idi, 0:1 hesabı ilə uduzanda da. Fikrimcə, yenə “İnter”ə onun meydanında qol vura bilərik, onu mübarizədən kənarlaşdırmaq gücündəyik. Düzdür, Qəbələdəki məğlubiyyətdən sonra futbolçularımızda sıxıntı olsa da, indi yaxşı vəziyyətdədirlər. Artıq toparlanıb, “İnter”lə cavab görüşdə bizə lazım olan nəticəni qazanmaq haqda düşünürük”.

Türkiyəli çalışdırıcı Azərbaycan kubokunu qazanmaq istədiklərini bildirib: “Hər halda, bu, ölkədə çəkisinə görə çempionatdan sonra ikinci önəmli turnirdir. Hər iki yarışda iki oyunumuz qalıb. Hər ikisində qalib gəlsək, həm çempion olacaq, həm də kuboku qazanacağıq. Rəqibi deyə bilmərəm, amma biz Premyer Liqa və kubok görüşlərinə fərq qoymayıb, ikisinə də qazanmaq üçün çıxacağıq”.