Azarkeşləri “Xəzər-Lənkəran”ı ziyana saldı
04.05.2010 - 13:59
Azarkeşləri “Xəzər-Lənkəran”ı ziyana saldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Unibank Premyer Liqasının XXX turu və Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında qeydə alınan hadisələr müzakirə olunub.

Komitə çempionatın “Neftçi” – “Xəzər-Lənkəran” matçında yaşananları da araşdıraraq, müvafiq qərar çıxarıb. Qonaqlar üçün ayrılmış sektorda azarkeşlər tərəfindən sındırılan 44 ədəd oturacağa görə dəyən ziyanı “Xəzər-Lənkəran” klubu ödəyəcək.

“Karvan” – “Olimpik-Şüvəlan” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaqlar 1000 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyan Ceyhun Adışirinov 2 oyunluq cəzalandırılmaqla yanaşı, “Karvan”ı 2000 manat ziyana salıb. Çempionatın sonuna 2 tur qaldığından Adışirinov üçün mövsüm bitib.

“Muğan”la oyunda 6 futbolçusu sarı vərəqə alan “Standard” 1000 manat ödəyəcək. “Qəbələ” – “Bakı” matçının 90+1-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması meydan sahiblərinin 2000 manat cəzalanmasına səbəb olub.

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran” matçında bakılıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməli olacaq. “Bakı” ilə görüşdə 4 oyunçusu xəbərdarlıq alan “İnter”in də cəzası eyni olub.