“Yaxşı olardı ki, Sissoko belə səhv etməsin”
04.05.2010 - 14:22
“Yaxşı olardı ki, Sissoko belə səhv etməsin”
“Sissoko “Qəbələ” ilə səfər oyununda buraxdığı səhvə görə çox üzülür. O, komanda yoldaşları qarşısında özünü doğrultmaq istəyir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.

Unibank Premyer Liqasının son turunda “Qəbələ” ilə səfər oyununda kobud səhv edən “Bakı”nın qapıçısı Xalidu Sissoko adi vəziyyətdə topu əlindən buraxdı. Nəticədə “Qəbələ”nin futbolçusu Paulinyo Lopes Tavaresin vurduğu qələbə topu çempion vacib 3 xal itirdi. Biçərin fikrincə, bir səhvlə futbolçunun üstündən xətt çəkmək düzgün olmazdı: “Əlbəttə, daha yaxşı olardı ki, Sissoko kimi təcrübəli qapıçı belə səhv etməsin. Ancaq insanıq, hamı xəta edir. Əsas odur ki, futbolçu səhvini başa düşərək, bunu təkrarlamasın. Sissokonu Qəbələdəki səhvinə görə, ehtiyatda göndərməyi düzgün saymıram. Ona yenə güvənirik. Belə götürəndə, Xalidu “İnter”lə ilk oyunda da ehtiyatda qalmış, qapıda Marko Şarliya dayanmışdı. Həmin vaxt Sissoko səhv etməmişdi ki. Mən hər iki qapıçımıza inanıram. Xalidunun da “İnter”lə cavab görüşündə oynamaq şansı var. Hər şey oyun öncəsi aydınlıq gələcək. Həmin vaxt kimi qapıda qoymaqla bağlı seçim edəcəyik”.