Aleksandr Çertoqanov: Kuboku qazanmaq şansımız daha yaxşıdır
04.05.2010 - 14:41
Aleksandr Çertoqanov: Kuboku qazanmaq şansımız daha yaxşıdır
“Altılıq”da uğursuz çıxışımızı bəxtsizlik, heyətdə olan itkilərlə əlaqələndirərdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov deyib.

Unibank Premyer Liqasında ilkin mərhələ və I dövrənin qalibi olan paytaxt təmsilçisi qış çempionu idi. Ancaq final mərhələsində uğursuzluğa düçar olan komanda cəmi 1 qələbə qazanıb. Nəticədə liderliyi əldən verən “İnter” 2-ci pillədə qərarlaşıb. Elə Çertoqanov da “Xəzər-Lənkəran”ı qabaqlamağın çətin olacağını deyir: “Bilirsiniz, “altılığ”ın iştirakçılarının hamısında eniş olur. Komandalar yenə xal itirə bilər, heç kəs bundan sığortalanmayıb. Konkret bizdə oyunun sonlarında bəxtsizlik olur. Çempionatın son görüşlərində buraxdığımız qollarla ya qələbəni əldən vermiş, ya da uduzmuşuq. Görünür, həmin vaxt konsentrasiyanı itirmişik”.

Çertoqanov yığmamızda bir sıra komanda yoldaşlarından fərqli, mövsümün sonunda yorğunluqdan gileylənmir: “Mən heç bu haqda düşünməmişəm də. Əslində, yorğunluqla bağlı problemim yoxdur. Özümü fiziki baxımdan yaxşı hiss edirəm. Sadəcə, heyətimizdə xeyli zədəli futbolçu var. Girts Karlson əməliyyat olunduqdan sonra hücumda bütün güc Robertas Poşkusun üzərinə düşür. Ona da hücumda tək oynamaq çətindir”.

Ukraynalı legioner ölkəmizdə debüt mövsümündə (2004/05) “Bakı”nın heyətində Azərbaycan kubokunun finalına çıxdı və komandası ilə “İnter”i yenərək, titul qazandı. İndi tale gətirib ki, 30 yaşlı ukraynalı yarımmüdafiəçi əks-düşərgədir və yenidən finalda oynamaq üçün kubok qazandığı komandanı sıradan çıxarmalıdır: “Əlbəttə, yenə finalda oynamaq, Azərbaycan kubokunu qazanmaq istəyirəm. Ümid edirəm ki, istəyimə çatacağam. İlk oyunda səfərdə 1:0 hesablı qələbə qazanmağımız bizi finala bir az yaxınlaşdırır. İstənilən halda, arxayınlaşmayıb, çox diqqətli olmalıyıq. Fikrimcə, “Bakı” da cavab oyununa ciddi köklənərək, finala çıxmaq üçün bütün gücünü sərf edəcək. Çempionatla müqayisədə, kuboku qazanmaq şansımız daha yüksəkdir”.