“Beşiktaş” “Portuqaliyalı Pele” ilə danışıqlara başladı
04.05.2010 - 15:53
“Beşiktaş” “Portuqaliyalı Pele” ilə danışıqlara başladı
“Beşiktaş” rəhbərliyi portuqaliyalı futbolçu Rikardo Kuarejma ilə danışıqlara başladığını rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, son Türkiyə çempionu İtaliyanın “İnter” klubunda möhkəmlənə bilməyən 27 yaşlı yarımmüdafiənin keçidini müsbət həll etmək üzrədir.

2003-cü ildə “Sportinq”də Kriştiano Ronaldo ilə birgə oynayan Kuarejma həmyerlisindən öncə “Mançester Yunayted”in baş məşqçisi Aleks Feqryussonun transfer siyahısında yer alıbmış. Ancaq həmin vaxt İngiltərəyə yox, “Barselona”ya 6 milyon avroya keçən futbolçu Kataloniyada cəmi 1 qol vurub. Az sonra Rikardo Deku ilə dəyişdirilməsi nəticəsində “Porto”ya transfer olunub. Vətənindən yenidən özünü göstərən portuqaliyalı “İnter”in diqqətini çəkərək, 18 milyon avroya alınıb. Ancaq “Portuqaliyanın Pele”si adlandırılan Kuaresmanın İtaliyada da işləri yaxşı getmir. “İnter”in baş məşqçisi Joze Maurinyo onun çox istedadlı futbolçu olduğunu, ancaq taktik intizamsızlığına görə komandasında oynamayacağını açıqlayıb.

Ötən mövsümdə 13 oyunda forma geyən futbolçu “Çelsi”yə icarəyə verilsə də, orada da özünü göstərə bilməyib. Geri qayıtdıqdan sonra karyerasını bitirən məşhur həmyerlisi Luiş Fiqunun geydiyi “7 nömrəli” forma bağışlanan Rikardo yenə uğursuzluğa düçar oldu. Bunun nəticəsidir ki, hücuma meylli yarımmüdafiəçi cari mövsümdə cəmi 4 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, milli komandasının heyətində Bakıya gələn Kuarejma son dünya çempionatının final mərhələsinə aparılmayıb.