Aslan Kərimov milli komandanın baş məşqçisi olmaq istəyir
14.05.2010 - 14:28
Aslan Kərimov milli komandanın baş məşqçisi olmaq istəyir
“Əlbəttə, yığma komandanın formasını geyinmək həmişə mənə xoş olub. 7-8 milyon adamın içindən seçilmək, insana əlavə ruh yüksəkliyi verir. Düzdür, müəyyən dövr oynamadım. Son illərdə yaxşı çıxış etdim, kapitan sarğısını daşıdım. Hazırda yığmanın heyətində ən çox oyun keçirən mənəm. Bu, Azərbaycan reallığında uğur olsa da, dünya praktikasında heç nədir. Çünki biz nərdivanın ilk pilləsindəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının keçmiş kapitanı Aslan Kərimov deyib.

Berti Foqts milli komandamıza baş məşqçisi təyin olunduqdan sonra heyətdə gəncləşdirmə siyasəti apardı. Həmin vaxtdan 37 yaşlı Kərimov bir daha heyətə cəlb olunmadı. Buna baxmayaraq, futbolçu alman mütəxəssisin qərarına tam hörmətlə yanaşdığını bildirib: “Gənclərə şans vermək lazımdır. Artıq yaş keçib. Bəlkə də yığmada ümumi ansambla xələl gətirmərəm, amma əvvəlki səviyyədə oynamağım mümkün deyil. Bunu iddia edib, Foqtsa qarşı çıxmağımsa, ağılsızlıqdır. O məni yığmaya çağırmamaqla, düz edir”.

Kərimov, həmçinin bildirib ki, gələcəkdə yığmaya qayıtmaq istəyir: "Amma futbolçu kimi deyil, məşqçi kimi. Futbolçu həyatının zirvəsi yığmaya düşməkdirsə, məşqçi üçün də millidə işləmək etalon sayılır. Odur ki, nə vaxtsa millinin baş məşqçisi olmaq istəyərəm. Bunun yaxın gələcəkdə reallaşacağı mümkün deyil. Çox oxumaq, yığmada çalışmaq səviyyəsinə qədər yüksəlmək lazımdır”.

Qeyd edək ki, 37 yaşlı Aslan Kərimov hələ daha bir il futbol oynamaq niyyətindədir.