“Mən vəzifəmi yox, sabahkı oyunu fikirləşirəm” - MÜSAHİBƏ
14.05.2010 - 15:45
“Mən vəzifəmi yox, sabahkı oyunu fikirləşirəm” - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Sabah Unibank Premyer Liqasının sonuncu turunda “Bakı” ilə ev oyununa çıxacaqsınız. Çempionluğu müəyyənləşdirəcək görüşə hazırlığınız necə gedir?
- Normal. Aydın məsələdir ki, matçın əhəmiyyəti böyükdür və bu haqda çox danışmaq artıq olar. “Bakı” ilə görüşün məşq planında heç bir dəyişiklik etməyib, nəzərdə tutduğumuz kimi hazırlaşmışıq. Düzdür, bəzi məşq hərəkətlərini dəyişsək də, bu, daha çox oyuna, komandaya aiddir.

- Təcrübəli mütəxəssis kimi necə fikirləşirsiniz: Komandanı belə vacib oyuna kökləmək asan, yoxsa çətindir?
- Asan olduğunu söyləsəm, səhv deyərəm. Burda əsas yük futbolçuların üzərinə düşür. Onlar məsuliyyəti yaxşı başa düşürlər. Gənc, 16-17 yaşlı futbolçular deyillər ki, nəyisə başa salasan. Hamısı təcrübəlidir, aralarında çempion olanlar, başqa ölkələrdə oynayanlar da var. Yəni, özləri hər şeyi yaxşı dərk edirlər ki, bu oyun nə deməkdir. Bu qarşılaşma 9 aylıq zəhmətimizin nəticəsini verir.

- Qızıl medala digər namizədlərdən ən böyük üstünlüyünüz ondadır ki, hər şey öz əlinizdədir. Yəni, qələbə qazansanız, digər görüşlərin nəticəsindən asılı olmayaraq, çempion olacaqsınız...
- Əlbəttə, belə gözəl fürsəti əldən buraxmaq olmaz. Amma bu, futboldur. Heç kəs deyə bilməz ki, mən hər şeyi edəcəyəm. Belə götürəndə, son vaxtlar liderlik həmişə əlimizdə olub. Ud, çempion ol, qurtardı getdi...

- Amma son oyunlarda qələbə üzünə həsrət qalıb, cəmi 1 xal qazanmısınız. Bu, sabahkı vacib görüşə mənfi təsir göstərməyəcəkmi?
- Düzdür. Elə hissə olub ki, narazı qalsam da, ümumilikdə oyundan razı qalmışam. Elə oyunlar olub ki, çoxlu qol epizodlarımız olsa da, bundan istifadə edə bilməmişik. Əlbəttə, indiyədək etdiyimiz səhvləri son matçda təkrarlamaq olmaz. Bu, məlum şeydir. Futbolda səhv də ola bilər. Ancaq bundan qorxmaq lazım deyil. Meydana çıxıb, inamlı oynamaq lazımdır. Budur əsas məsələ. Futbol elə bir idman növüdür ki, gərək sevə-sevə oynayasan. Futbolçularımız bunu yaxşı bilirlər.

- İş elə gətirdi ki, “Xəzər-Lənkəran”la “Bakı” dalbadal iki həftə iki vacib oyunda görüşməli olacaq. Biri çempionatın, biri də kuboku son oyunu. Belə ardıcıllığın asan, çətin tərəfləri hansıdır?
- Asan tərəfi yoxdur. İkisi də vacib, çətin oyunlardır. Hər görüşə də qələbə üçün köklənmək, hazırlaşmaq lazımdır. Fikrimcə, elə “Bakı” da bu haqda düşünür. Rəqibin təkcə Azərbaycan kubokunun finalında yox, son turda da bizə qalib gəlmək istədiyini başa düşürəm. Uduzmağı heç kim istəmir və biz də bunu bilirik.

- Digər rəqibləriniz - “Qarabağ”la “İnter” də komandanızın büdrəməsini gözləyir...
- Onlar da çempion olmaq istəyir. Ancaq kimin istəyinə çatacağını sabah biləcəyik.

- Oyun öncəsi yaranmış söz-söhbətlər sizi narahat etmir ki?
- Yox. Futbolçulara yazılanları oxutdurmuşam. Onlar sakitcə oyun saatını gözəyirlər. İstəyirəm ki, bütün fikrilərini “Bakı” ilə görüşə yönəltsinlər. Təbii ki, mətbuat da işini görür. Siz də oyunla bağlı yazacaqsınız. Oyun öncəsi həyəcan olmalıdır və siz də bunu yazırsınız. Bu, məlum şeydir.

- Hər halda, vacib oyunlar öncəsi ajiotaj olmalıdır...
- Əlbəttə, olmalıdır. Mən buna qarşı çıxmıram.

- Bildiyimizə görə, futbolçulara bu oyun öncəsi müsahibə verməyə qadağa qoymusunuz...
- Bəli. Qoy, sakit qaydada oyuna hazırlaşsınlar.

- Sabahkı oyun öncəsi heyətinizdə ciddi itkiləriniz var. Əsas qapıçı Kamran Ağayevlə mərkəz müdafiəçiniz İvan Pexa cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər. Bu, boşluqları necə aradan qaldırmaq fikrindəsiniz?
- Komandamızda 23 futbolçu var. Bunun 3-ü xəstə, cəzalıdırsa, 20-si sağlamdır. Bunlar arasında seçim edib, heyəti müəyyənləşdirəcəyik.

- Digər mərkəz müdafiəçisi Elvin Beçiri son oyunlarda zədə olduğu üçün kənarda qalıb...
- Beçirinin artıq belə problemi yoxdur və sabah oynayacaq.

- Ağayevin yoxluğunda qapıda təcrübəli Dmitri Kramarenkoya yer verəcəksiniz ki, onun da bu mövsüm oyun praktikası az olub...
- Kramarenko çox təcrübəli qapıçıdır, həmişə öz üzərində çalışır. Mən bütün futbolçularıma güvənirəm. Güvənməsən, onlarla işləmərəm, bir stolda çörək yemərik.

- “Bakı” ilə oyunlardakı nəticə “Xəzər-Lənkəran”da gələcək fəaliyyətinizə təsir göstərə bilərmi? Yəni, söhbət vəzifənizdən qalmaqdan gedir...
- Mən hələ bu haqda düşünmürəm. İndi birinci düşündüyüm “Bakı” ilə çempionat oyunudur. Ardından bir gün istirahətdən sonra Azərbaycan kubokunda final oyununa hazırlaşacağıq.

- Təbii ki, məqsəd “qızıl dubl” edir...
- İnşallah, buna nail olmaq istəyirik. Həm çempionluğu, həm də kuboku qazansaq, lap yaxşı olar.

Mehman SÜLEYMANOV