“Heç vaxt “Qarabağ” klubuna qayıtmaram”
14.05.2010 - 23:17
“Heç vaxt “Qarabağ” klubuna qayıtmaram”
“Karvan” klubunun futbolçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Komandanızın I diviziona düşməsi rəsmiləşib. Sizcə, Yevlax təmsilçisi niyə Unibank Premyer Liqadakı yerini qoruya bilmədi?
- Bəxtsizlik amilini qabartmaq istəyirəm. Həm də oyunçu qüvvəsi çatmadı. “Karvan” I dövrədəki uğursuzluğun acısını yaşayır. Təsəvvür edin, biz gələndə komandanın cəmi 3 xalı var idi. Ən yaxın rəqiblərimizdən 6-7 xal geri qalırdıq. Demək olar, işə sıfırdan başladıq. Qısa vaxtda ciddi uğura nail olmaq çox çətindir.

- Qışda Yunis Hüseynov bir neçə təcrübəli futbolçunu, ö cümlədən sizi komandaya dəvət etdi. Necə düşünürsünüz, komandaya lazımi qədər kömək edə bildinizmi?
- Yenə qeyd edirəm ki, əsas problem I dövrənin boşa verilməsi ilə bağlıdır. Biz gəldikdən sonra vəziyyət xeyli dəyişdi. Əksər komandalar, futbolçular bizdən çəkinirdilər. Məncə, sonradan gələnlər lazımınca kömək etdilər. Lakin komanda Premyer Liqadakı yerini qoruya bilmədi.

- Siz daha çox aldığınız qırmızı vərəqələrlə diqqət mərkəzinə düşdünüz. Tez-tez cəzalanmağınıza səbəb nə idi?
- Guya mən oyun zamanı hakimləri söyür, təhqir edirdim... Halbuki, həmişə etirazımı bildirmişəm. Sadəcə, haqsız yerə qırmızı vərəqə göstərdikləri üçün hakimləri təhqir etməyimlə qərarlarını əsaslandırırdılar.

- Xeyli vaxtdır “Karvan”da deyilsiniz. Məşqlərinizi necə davam etdirirsiniz?
- Fərdi şəkildə olsa da, məşqlərimi davam etdirirəm. Hər gün Xaqani Məmmədov, Füzuli Məmmədov kimi oyunçularla yığışıb, Tofiq Bəhramov adına Respublika stadionunda və ya “Şəfa”da qaçırıq. Çalışırıq ki, formamızı saxlayaq. Əslində, qaçmaqla iş bitmir. Gərək oynayasan.

- Yayda karyeranızı hansı klubda davam etdirəcəyinizi dəqiqləşdirmisiniz?
- İnşallah, başqa komandaya keçəcəyəm. Təkliflər var. Bir neçə klub nümayəndəsi var ki, mənimlə görüşmək istədiklərini deyiblər. “Qarabağ”la müqaviləm davam etsə də, bu komandaya dönməyəcəyik. Onlarla qurtarmışam, heç vaxt bu komandaya qayıtmaram.

- Xaqani və Füzuli Məmmədov qardaşları ölkə xaricinə üz tutacaqlarını bildiriblər. Sizin necə, hansısa əcnəbi kluba keçmək ehtimalınız varmı?
- Xeyr. Getmək niyyətində olsaydım, bu addımı indi yox, çoxdan atardım. Paytaxt klublarından biri ilə anlaşacağam.

- Təklif gəlsə, I divizionda oynamağa razı olarsınızmı?
- Mən I divizion oyunçusuyam? Aşağı dəstədə oynamaq mənlik deyil. Bəyəm, bu gün Unibank Premyer Liqasında çıxış edən, xüsusilə əcnəbi hücumçuların hansı məndən güclüdür? Heç biri. Bəs onda niyə gedib, I divizionda oynamalıyam?