“Xəzər-Lənkəran”ın məşqçisi: Bu oyuna görə hamıdan üzr istəyirəm
15.05.2010 - 19:35
“Xəzər-Lənkəran”ın məşqçisi: Bu oyuna görə hamıdan üzr istəyirəm
“İlk öncə bütün Lənkəran camaatından, rəhbərliyindən, hamıdan bugünkü oyuna və nəticəyə görə üzr istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun məşqçisi Tofiq Mustafayev “Bakı” ilə ev oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi Ağasəlim Mircavadovun yoxluğunda jurnalistlərin qarşısına çıxan Mustafayev öncədən oyunun gərgin olacağını bildiklərini söyləyib: “Əlbəttə, futbolçuların həlledici oyunda psixoloji gərginlikləri çox idi. “Bakı”nı da yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm. İnşallah, qarşıda bu komanda ilə kubok oyunumuz var və həmin görüşdə qalib olmağa çalışacağıq. “Bakı” ilə səfər oyununda da demişdim ki, belə görüşlərdə liderlər ustalıqları ilə oyunu həll etməlidirlər. Təəssüflər olsun ki, bu gün liderlərimiz çox zəif oynadı, bacardıqlarından qat-qat aşağı çıxış etdilər. Mübarizə meydanın hər yerində gedirdi. Mən deməzdim ki, bu gün yarımmüdafiədə uduzduq. Həmkarımın fikri ilə razıyam ki, bu gün psixoloji təzyiq bizdə daha çox idi. Bu da bur amildir. Ancaq bu, komandanın belə zəif oynamasına haqq qazandırmır. Qalib gəlmək üçün komanda öz oyununu oynamalıdır”.

“Xəzər-Lənkəran”ı məşqçisi məğlubiyyəti kapitanlar, əsas qapıçıları Kamran Ağayevin yoxluğu ilə bağlamağı da düzgün saymır: “ Futbolu bir nəfər, tək Kamran yox, 11 nəfər oynayır. Ağayevi də bu səviyyəyə gətirib çıxaranlar meydançada olanlar, bütün məşqçi korpusudur. Əlbəttə, Kamran meydanda olsaydı, müdafiədə psixoloji təzyiq də aşağı olardı. Dmitri Kramarenko da güclü qapıçıdır, ancaq oyun praktikası olmadığına görə onda təzyiq, psixoloji gərginlik lap çox idi”.