“İndi bütün Gəncə sevinc içərisindədir”
17.05.2010 - 15:05
“İndi bütün Gəncə sevinc içərisindədir”
“İndi bütün Gəncə sevinc içərisindədir. Biz Azərbaycanın ikinci böyük şəhərinə böyük futbolu qaytardıq”. Bu sözləri “Gəncə”nin baş məşqçisi Fuad İsmayılov deyib.

Şənbə günü Qusarda “Şahdağ”la xalları yarı bölən və MOİK-in məğlub olmasından istifadə edərək I divizionun çempionu olan “Gəncə” növbəti mövsümü Premyer Liqada keçirəcək. Əyalət təmsilçisinin baş məşqçisi bu uğurun çətinliklə qazanıldığını bildirib: “Çempionatın gedişində enişli-yoxuşlu günlərimiz oldu. Lakin ruhdan düşmədik və səhvlərimizdən nəticə çıxarıb, irəlilədik. Sonda isə məqsədimizə nail olduq”.

Baş məşqçi komandanın gücləndirilməsinə ehtiyacın olduğunu da istisna etmədi: “Təbii ki, Premyer Liqada oynamaq üçün heyətimizi gücləndirməlyik. Heyətə kimləri cəlb edəcəyimizə və hazırlıq planına təxminən 15 gündən sonra aydınlıq gətiriləcək”.

Komandada qalıb-qalmayacağına gəldikdə, İsmayılov bunları deyib: “Komanda ilə 3 illik müqavilə imzalamışam. Rəhbərlik müqavilə müddəti başa çatana qədər postumda qalacağımı bildirib”.