“Gedin, penalti vurmağı öyrənin!”
18.05.2010 - 12:58
“Gedin, penalti vurmağı öyrənin!”
İngiltərə milli komandasının canlı əfsanələrindən Hari Liniker CAR-da çempion olması üçün həmyerlilərinə kömək etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, 1986-cı ildə Meksikada keçirilən mundialın ən yaxşı bombardiri Fabio Kapelloya verdiyi məsləhətlə çempionluq yolunu göstərib.

Liniker indiyədək 3 dəfə dünya çempionatlarındakı çıxışlarını penaltilər seriyasında dayandıran britaniyalıların buna fikir vermələrini istəyir: “Futbolda xırda şey olmur. Heç kim də düşünməsin ki, penaltidən yararlanmaq asandır. Hətta klubunun ştat penaltiçisi olan Lempard da İngiltərə kubokunun finalında belə şansı əldən verib. Penalti zərbələrini məşq etmək uğurun təminatı olmasa da, uğursuzluq ehtimalını minimuma endirir. Mən futbolçu olanda, hər gün 30 penalti vururdum”.

Qeyd edək ki, 2006-cı ildəki son mundialı uduzmadan tərk edən ingilislər 1/4 finalın qolsuz bitən matçın penaltilər seriyasında Portuqaliyadan zəif olmuşdu – 1:3. Həmin vaxt Cerrard, Lempard və Karrager rəqib qapıçını məyus edə bilməmiş və yalnız Harqrivz dəqiq olmuşdu.