“Neftçi” üçün yeni məşqçi!
18.05.2010 - 23:00
“Neftçi” üçün yeni məşqçi!
Bakının “Neftçi” klubunun məşqçilər korpusunda dəyişiklər olacaq. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Arif Əsədov məlumat verib. O bildirib ki, özünə daha bir köməkçi götürəcək.

Əsədov vaxtilə bir yerdə oynadığı 36 yaşlı Elmir Xankişiyevə müraciət edib: “Elmir “Neftçi”nin əvəzedicilərdən ibarət komandasını çalışdırdığım zaman köməkçim olub. Onunla ötən yay birgə çempion olmuşuq. Xankişiyev əsas komandamızda da köməkçi olacaq. O, Bəxtiyar Musayevlə birgə texniki-taktiki hazırlıqda mənə yardım edəcək. Əcnəbi məşqçilərimiz də vəzifələrində qalacaqlar. Yəni, italyan Covanni Melkiorre yenə fiziki hazırlıq üzrə, serbiyalı Neboyşa Manoyloviç qapıçılarla işləyən məşqçi vəzifəsində çalışacaq”.

“Neftçi” ilə müqaviləsinə gəlincə, əsədov bildirib ki, bu məsələ yaxın günlərdə həll olunacaq: “Klub prezidenti Sadıq Sadıqov mənə baş məşqçi postunda qalacağımı deyib. Yeni mövsüm üçün yeni komanda qurmağım tapşırılıb. Sadəcə, vəzifəmdə fəaliyyətimin davam etdirməsinin rəsmiləşməsi qalıb ki, bu məsələ yaxın günlərdə həllini tapacaq”.

Qeyd edək ki, Əsədovun baş məşqçi postunda əvəzlədiyi Vaqif Sadıqovun iki yerli köməkçidən biri özü, digəri Şakir Qəribov idi. Qəribovu sonradan Musayev əvəzləsə də, digər məşqçi postu boş qalmışdı.