“Heç kim deyə bilməz ki, “Qarabağ”da qalacağam”
18.05.2010 - 17:21
“Heç kim deyə bilməz ki, “Qarabağ”da qalacağam”
“Qarabağ” klubunun və Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Başa çatan mövsümü necə dəyərləndirirsiniz?
- Maraqlı çempionat keçdi. Çox istəyirdik ki, “qızıl oyun” olsun və çempion adını qazanaq. Sonda üçüncü pilləni tutduq. Bürünc medallar bizə həm də Avropa Liqasında mübarizə aparmaq hüququ qazandırdı. Əslində, qızıl medalları qazanmaq şansımız var idi. Amma alınmadı.

- Komandanız mövsümü daha yaxşı nəticə ilə başa vura bilərdi. Buna nə mane oldu?
- Əsas problem zədəli futbolçularımızın çoxluğu ilə bağlı idi. Ehtiyat oyunçularımızın az olması da öz sözünü dedi. Yəni, futbolda xırda problemlər olmur. Kənardan sadə görünən hansısa problem, sonda nəticəyə təsir göstərir.

- Son oyunda rəqibiniz “Neftçi” meydana gənclərlə, Premyer Liqa təcrübəsi olmayan futbolçularla çıxmışdı. “Qarabağ” bundan niyə yararlana bilmədi?
- Nə bilim... Ola bilsin, rəqibi düzgün qiymətləndirmədik. Dedik cavandırlar, çıxıb rahat udacağıq. Ancaq futbolda belə şeylərə yer yoxdur. Çox zəif oynadıq. Demək olar, oyunumuz alınmadı.

- Ümumiyyətlə, çempionatın birinci mərhələsi ilə müqayisədə final mərhələsində daha zəif çıxış etdiniz...
- Final mərhələsinə uğursuz başladıq. Ardıcıl xal itkiləri bizi xeyli geri saldı. Bu da komandaya mənfi təsir göstərdi. Kənar söz-söhbətlərin də xal itirməyimizdə az rolu olmadı. Sona yaxın toparlanmağa başladıq. Sonradan çempion olmaq şansımız da yarandı. Görünür, qismət belə imiş.

- Bürünc medalı “Qarabağ” üçün uğur saymaq olarmı?
- Heç vaxt üçüncü yerlə kifayətlənməmişəm. Qızıl medal qazanmaq, çempionluq sevinci yaşamaq istəyirdim. Düzdür, bürünc medala sahib çıxdığımıza görə, naşükür olmamalıyıq. Bu nəticə avrokuboklarda iştirak etməyimizə imkan verir. Ancaq şəxsi fikrimi deyirəm: mövsümü uğurlu saymıram. Harada oynamağımdan asılı olmayaraq, çempionluq haqqında düşünmüşəm. “Qarabağ” da istisna deyil. Heyətimizə də buna imkan verirdi. Qismət deyilmiş.

- Artıq komanda ilə müqaviləniz başa çatıb. “Qarabağ”da qalacaqsınız, yoxsa başqa kluba keçəcəksiniz?
- Hələ fikirləşirəm. Mövsümün yorğunluğunu çıxarmaq istəyirəm. 1-2 variant var. Gözləyirəm. Bir qədər dincəldikdən sonra qərarımı verəcəyəm.

- “Qarabağ” sizə yeni müqavilə təklif edibmi?
- Bəli, rəhbərlik komandada qalmağımı istəyir və yeni müqavilə təklif olunub. Ancaq tələsmirəm.

- Konret “Neftçi”dən necə, təklif almısınızmı?
- Futbolçu istənilən klubdan təklif ala bilər və bu normal haldır. Ancaq indi ad çəkmək istəmirəm. Heç kim deyə bilməz ki, mən karyeramın sonuna qədər “Qarabağ”da çıxış edəcəyəm. Sabah başqa variant ortaya çıxa bilər və futbolçu fikrini dəyişər. Ona görə də gəlin, hansısa klubun adını çəkməyə tələsməyək.

- Özünüz necə, “Neftçi”yə dönmək istəyirsinizmi?
- Bu haqda danışmağım düzgün olmaz.