Mundiala 32 namizəd: Berti Foqtsu istefaya göndərənlər
18.05.2010 - 23:12
Mundiala 32 namizəd: Berti Foqtsu istefaya göndərənlər
Dünya çempionatının final mərhələsinin startına 23 gün qalıb. Apasport.az saytı kubok iddiasında olan komandaların təqdimatını davam etdirir. Bu dəfə doğma qitədə çıxış edəcək Qana yığması ilə daha yaxından tanış ola bilərsiniz.

Dosye
Federasiya: Ghana Football Association (Qana Futbol Assosiasiyası)
Federasiya prezidenti: Kvesi Nintaki
Yaranma tarixi: 1957
1958-ci ildən FİFA, 1958-ci ildən CAF-ın üzvüdür.
Baş məşqçi: Milovan Rayevats
Ləqəbi: qara ulduzlar
Rəngləri: ağ və sarı-qırmızı
Tarixinin ilk oyunu: Nigeriya 1:0 (1950-ci il). Həmin vaxt Qana Qızıl sahil yığması kimi çıxış edirdi.
Yığmada ən çox oyun keçirənlər: Riçards Kinqston (89), Abedi Pele (73), Kərim Əbdül Rəzəq (70)
Yığmada ən çox qol vuranlar: Abedi Pele (33), Toni Yeboa (29), Kərim Əbdül Rəzəq (70)
Məşhur oyunçuları: Abedi Pele, Rəzəq, Kuffur, Yeboa, Essyen, Appia, Yeboa, Muntari

Nailiyyətləri
İndiyədək yalnız bir dəfə dünya çempionatının final mərhələsində oynayan qanalıların ilk cəhdi uğurlu alınıb. Qara ulduzlar 4 il əvvəl 1/8 finala qədər irəliləyə bilib. Qitə birinciliklərində isə 4 dəfə qalib adını qazanan sarı-qırmızılar 28 ildir belə nailiyyətə həsrətdir. Onlar 1963, 1965, 1978, 1982-ci illərdə qara qitənin ən yaxşısı olublar.

DÇ yolunda
İkinci seçmə mərhələdə mübarizəyə qoşulan qanalılar ev oyunlarında maksimum nəticə göstərməklə, qrup qalibi oldular. Zəif Lesoto (3:2, 3:0) yığmasının da onlarla bir qrupda olması Qabon (0:2, 2:0), Liviya (3:0, 0:1) kimi rəqibləri arxada qoymaq üçün kifayət etdi. Həlledici üçüncü seçmə raundunda isə Benin (1:0, 0:1), Mali (2:0, 2:2) və Sudan (2:0, 2:0) futbolçuları Essyen və komanda yoldaşlarının qarşısında tab gətirmədi. Ardıcıl 4 qələbədən sonra arxayınlaşan “qara ulduzlar” son iki matçda xal itirməyi də özlərinə rəva gördü.

Dünya çempionları ilə dünya çempionatına
Sarı-qırmızıların serbiyalı baş məşqçisi Rayevats mundial ərəfəsində heç də asan olmayan durumla üzləşib. Seçmə mərhələdə məşhur ulduzlarına güvənən 56 yaşlı mütəxəssis qışda keçirilən Afrika Millətlər Kubokuna ötən il gənclər arasında dünya çempionu olan heyəti apardı. 20 yaşlılar da etimadı doğruldaraq, qitədə ikinci oldular.

İndi mundiala hansı heyəti aparmaq kimi çətin sual qarşısında qalan Rayevats bu komandaların sintezini yaratmaq niyyətindədir. Elə CAR-dakı nəticə də bu işin hansı səviyyədə görüləcəyindən asılıdır.

Pelenin doğma oğlu da gəlir
Rayevats komandasını həm klassik (4-4-2), həm də ispan (4-2-3-1) oyun üslublarında oynamağa öyrədə bilib. Lakin orta sahədə daha çox futbolçunun olması serbiyalının ürəyincə olur. Hər iki variantda “Uiqan”ın ehtiyat qapıçısı Riçard Kinqson qanalıların əsas əlcək sahibidir. Müdafiənin sağ cinahını ötən il Qananın ən yaxşı oyunçusu seçilən Con Peyntsilə, “Fulhem”də çıxış edən arxa xətt oyunçusunun zədəsi mundialadək sağalmasa gənc dünya çempionlarından birinə şans veriləcək. Bu Samuel İnkum ola bilər. İsaak Forsa və Li Addi mərkəzdə, Hans Sarpey isə sol cinahda müdafiənin keşiyini çəkəcəklər.

İki dayaq yarımmüdafiəçisi mövqeyində isə dahi qanalılar yer alacaq. Bunlar Maxael Essyen və Salli Muntaridir. Sonuncu öz xarakteri üzündən baş məşqçi və federasiya ilə yaranan problemlərini həll etməsə, mundiala həsrət də qala bilər. Belə vəziyyətdə onu “Udineze”də çıxış edən Emmanuel Aqyeman Badu əvəzləyəcək.

Yarımmüdafiənin cinahlarında isə universal futbolçular cəmlənib. Andre Ayuv, Opoku Aqyeman yer alacaq. Onlar hər iki cinahda oynamaq iqtidarındadır. Yeri gəlmişkən, Abdre Afrika futbolunun əfsanələrindən olan Abedi Pelenin yığmaya çağırılan oğlanlarından biridir. Onlarla yanaşı, Metyu Amoa və ya “Milan”da çıxış edən Adiya da cinahlarda oynamağa namizəddir. Millinin kapitanı Stiven Appianın mundialda oynayıb-oynamayacağı hələ də dəqiqləşməyib. Zədədən sonra nə vaxt bərpa olunacağı və serb çalışdırıcının oyun praktikasından məhrum kapitana güvənib-güvənməyəcəyi Stiven üçün həlledici məqamlardır. Ön xətdə isə qara ulduzların öz lideri var. Bu Asamoa Qyandır.

Oyunlarının təqvimi
13.06.2010 Serbiya
19.06.2010 Avstraliya
23.06.2010 Almaniya

Mundial iştirakçısı və biz
Azərbaycan komandaları müstəqillik tarixi ərzində heç vaxt qanalılarla qarşılaşmayıb. Lakin klublarımız Essyenin həmvətənlərinə az da olsa ehtiyac duyub. Ölkəmizdəki ilk qanalı 2005-ci ilin yayında “Xəzər-Lənkəran”da peyda olub. UEFA kubokunda cənubluları məğlub edən Moldova “Nistru”sunun müdafiəçisi Kinqsli Atakora az keçməmiş ölkəmizə transfer edildi. Lakin qanalının Azərbaycan macəraları qısa oldu. Sonradan əslən qanalı olan Fransa vətəndaşı Edmand N’Tiamoa da “Xəzər-Lənkəran”a gəldi. 2007-ci ildə ölkə çempionu və kubokunu qazanmaqla yanaşı, vurduğu qollarla da özünü göstərə bildi.

Qana yığması Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts üçün xoşagəlməz rəqibdir. 2008-ci ildə keçirilən Afrika Millətlər Kubokunda Nigeriyanı çalışdıran almaniyalının həmin postdan istefasına Essyen və komanda yoldaşları səbəb olmuşdu. 1/4 finalda “super qartalları” məğlub edən “qara ulduzlar” sonda turniri üçüncü yerdə bitirmişdi. Nigeriya yığmasından ayrılan Foqts isə cəmi iki ay sonra millimizin baş məşqçisi təyin olundu. Bütün bunlara isə Qana futbolçuları səbəb oldu.

Apasport.az-ın proqnozu: qrupda qalacaq.

Vüqar XEYRULLAYEV