Mahmud Qurbanov “Bakı”dan ayrıla bilər
19.05.2010 - 23:00
Mahmud Qurbanov “Bakı”dan ayrıla bilər
“Finalda ancaq qələbə gözləyirik. Maraqlı oyun olacağını düşünürəm. Hər iki komanda kuboku qazanmağa iddialıdır. Düşünürəm ki, sonda sevinən tərəf biz olacağıq”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun futbolçusu Mahmud Qurbanov deyib.

Unibank Premyer Liqasının son turunda səfərdə “Xəzər-Lənkəran”ı məğlub etməklə, cənub təmsilçisinin mükafatçılar sırasına düşməsinə imkan verməyən “Bakı” başa çatan mövsümdə titulunu qoruya bilmədi. Paytaxt təmsilçisi birinciliyi ikinci pillədə qapamaqla, gümüş medallara sahib çıxdı. İndi “Xəzər-Lənkəran” kimi, “Bakı”da gözünü kuboka dikib: “Xəzər-Lənkəran” çempionatı medalsız qapayıb. Ona görə də kuboku qazanmağa çalışacaq. Hər halda, həm də son oyundakı yenilginin əvəzini çıxmağa cəhd göstərəcəklər. Ancaq biz görüşə hazırıq. Yeganə məqsədimiz qələbə qazanmaqdır”.

Transfer məsələsinə də toxunan 37 yaşlı futbolçu indi bütün diqqətlərini final matçına yönəltdiklərini, bundan sonra əvvəlcə “Bakı” rəhbərliyi ilə görüşəcəyini qeyd edib: “Müqaviləm başa çatır. Məsələ hələ açıq qalıb. Çünki indi bütün diqqət kubok oyununa yönəlib. Təbii ki, finaldan sonra əvvəlcə rəhbərliklə görüşəcəyəm. Bundan sonra digər təklifləri nəzərdən keçirə bilərəm. Başqa klublardan, o cümlədən, “Gəncə”dən sərfəli təklif alsam, düşünəcəyəm. Ancaq “Bakı” rəhbərliyinin qərarı əsas olacaq”.