“Qəbələ” Toni Adamsın vətəninə yollanacaq
19.05.2010 - 23:04
“Qəbələ” Toni Adamsın vətəninə yollanacaq
“Təzə gələndə müəyyən problemlər var idi. Vaxt keçdikcə onları həll edə bildik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” Futbol Akademiyasının direktoru Əli Yavaş deyib.

Türkiyəli mütəxəssis birdən-birə uğur qazanmaq haqqında deyil, pillə-pillə irəliləmək barədə düşünür: “Demək olar ki, gəldiyim 2 ilə yaxın müddətdə istəklərimizin müəyyən hissəsinə çatmışıq. Amma akademiyamız, bazamız, yəni infrastrukturumuz hazır olandan sonra daha çox inkişaf edəcəyik”.

Yerli məşqçilər, xüsusilə də uşaq futbolunda çalışan mütəxəssislərin yerli-yersiz uşaqlara qışqırması, onları danlaması və təhqir etməsi Azərbaycan reallıqları üçün adi haldır. Ancaq Yavaş bunun yolverilməz olduğunu və akademiyada çalışan bütün məşqçilərə bu barədə xəbərdarlıq etdiyini bildirib: “Heç bir məşqçinin uşağın üstünə qışqırmağa, onu söyməyə ixtiyarı yoxdur. Biz təzə gələndə, azərbaycanlı məşqçilərdən bəziləri belə edirdilər. Amma bu məsələ artıq yığışdırılıb. Belə halda, uşağı itirmək olar. Adı üstündədir, o, uşaqdır, tez sınır. Ona görə də çalışmaq lazımdır ki, uşağı itirməyəsən. Amma oyunlar zamanı uşaqlara müəyyən iradlar tutulur ki, bu da normaldır”.

Akademiya rəhbəri məşqçi seçiminə də aydınlıq gətirdi: “İndiyə qədər hər hansı bir yerdə işləməyən, ancaq əvvəllər futbol oynamış insanlara üstünlük verdik. Seçdiyimiz məşqçilər yavaş-yavaş artırırlar və öz üzərlərində işləyirlər. Növbəti mövsümdən etibarən məşqçilərimizi təhsillərini artırmaları üçün başda Türkiyə olmaqla, bir çox ölkələrə göndərəcəyik”.

Yavaş bu tendensiyanı aşağı yaşlı uşaqlardan ibarət komandalara da aid edəcəklərini bildirib. O, hər il bir yaş qrupu üzrə komandanı xarici ölkələrdə keçirilən turnirə göndərəcəklərini də vurğulayıb: “Belə turnirlərdə iştirak etmək yaxşı haldır. Əsas məqsəd qalib gəlmək deyil, təcrübələrini artırmaq üçündür. Hər il ən azı bir yaş qrupundan ibarət komandanı xaricə, müxtəlif turnirlərdə iştirak etmək üçün göndərəcəyik. Mütləq Türkiyədəki turnirlərdə oynayacağıq da demək olmaz. Rusiya, İngiltərə, Almaniya, digər ölkələrdə təşkil edilən yarışlarda da təmsil olunacağıq. Əsas odur ki, onlar turnirlərdə iştirak etsinlər”.

Əli Yavaş, həmçinin yeni baş məşqçi Toni Adamsla bağlı da fikirlərini bildirib. Türkiyəli mütəxəssis onun ölkəmizdə böyük işlər görəcəyinə inandığını gizlətməyib: “O, çox böyük futbolçu olub. “Arsenal”da, İngiltərə yığmasında uzun müddət oynayıb. Komandalarının lideri olub. İngiltərədən gəlib. Mənə görə, dünyanın ən güclü çempionatı İngiltərədədir. Onun necə nəticə göstərəcəyini demək çətindir. Ancaq şəxsi fikrimcə, Adams burada çox böyük işlər görəcək”.