SOCAR Energy Georgia: “Turan”a sponsor olmaq fikrimiz yoxdur
20.05.2010 - 12:23
SOCAR Energy Georgia: “Turan”a sponsor olmaq fikrimiz yoxdur
“Rəhbərlik etdiyim şirkətin yeni mövsümdən “Turan” klubuna himayədarlıq edəcəyi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Mən rəsmən bu məlumatın doğru olduğunu təsdiqləmirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

AFFA-nın İcraiyyə Komitəsinin də üzvü olan Məmmədov uzun illərdir futbol sahəsində çalışır. Son vaxtlar maliyyə problemləri ilə üzləşən Tovuzun “Turan” klubuna yeni sponsor kimi “SOCAR Energy Georgia” şirkətinin adı hallanır. Ancaq bunun həqiqət olmadığını bildirən Məmmədovun sözlərinə görə, tabe olduğu rəhbərliyin icazəsi olmadan bir iş görmək olmaz: “Sponsorluq fəaliyyəti elə bir məsələdir ki, ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayevin mütləq razılığı olmalıdır. Belə bir fikirdə də deyilik. Bu, kimlərsə tərəfindən ortaya atılan bir oyuncaqdır. Görünür, kimlərsə istəklərini reallığa çevirmək arzusundadır. Ancaq “SOCAR Energy Georgia”nın belə bir fikri yoxdur”.