Omari Tetradze yığmamızın futbolçusunu “Volqa”ya aparır
20.05.2010 - 14:45
Omari Tetradze yığmamızın futbolçusunu “Volqa”ya aparır
“Elnur Allahverdiyevin “Anji”yə keçidi gündəmdə deyil. Onu keçmiş baş məşqçimiz Omari Tetradze hazırda çalışdığı “Volqa” klubuna aparmaq istəyir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov deyib.

Milli komandamızın təlim-məşq toplanışında iştirak etmək üçün Bakıya gələn Rusiyanın “Anji” klubunun yarımmüdafiəçisi dünəndən hazırlığa qatılıb. Şükürov yığmadakı komanda yoldaşı Elnur Allahverdiyevlə bir klubda oynamağı çox istədiyini bildirsə də, bunu real saymır. Onun fikrincə, gürcü baş məşqçi Omari Tetradzenin bəyəndiyi, hələ qışda “Anji”yə transfer etməyə hazırlaşdığı Allahverdiyevi Rusiyanın birinci divizion təmsilçisi olan Nijni Novqorodun “Volqa” klubuna aparması mümkündür.

Tetradzenin “Anji”yə transfer etdiyi Şükürov klubdakı maliyyə probleminin də yoluna qoyulduğunu bildirib: “Maliyyə məsələləri həll edilib. Futbolçuların maaşları verilib. Artıq heç bir problemimiz qalmayıb. Yeri gəlmişkən, ola bilsin, “Anji”nin məşqçiləri millinin heyətində Avstriyada keçirəcəyim yoldaşlıq oyunlarını izləsin”.