Vurğun Hüseynov: “Xəzər-Lənkəran”la çempion olmaq istəyirəm
21.05.2010 - 15:10
Vurğun Hüseynov: “Xəzər-Lənkəran”la çempion olmaq istəyirəm
“Xəzər-Lənkəran”a keçidim rəsmiləşməsə də, ilkin razılıq var. Yaxın günlərdə yeni komandamla müqavilə bağlayacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında son iki mövsümdə “Qəbələ” klubunun formasını geyinmiş gənc futbolçu Vurğun Hüseynov deyib.

Tovuz futbol məktəbinin yetirməsi olan 21 yaşlı müdafiəçi yeni mövsümdən “Xəzər-Lənkəran”da oynayacaq. Hüseynovun sözlərinə görə, “Qəbələ”dən gedişi baş məşqçi dəyişikliyi, ingilis Toni Adamsın gəlişi ilə bağlı deyil: “Bu komandadan ona görə getməyə qərar verməmişəm ki, məni transfer edən Ramiz Məmmədov postunu tərk edib. Sadəcə, “Xəzər-Lənkəran”a keçməyimdə əsas məqsəd yayda avrokuboklarda oynamaqdır. Cənub təmsilçisi həmişə iddialı olub və bu komandanın heyətində çempionluq sevinci yaşamaq istəyirəm. Düzdür, inanıram ki, baş məşqçi dəyişikliyindən sonra “Qəbələ”nin də iddiası artacaq”.

“Xəzər-Lənkəran”ın yeni mövsüm öncəsi ilk transferi bildirib ki, keçidində baş məşqçi Ağasəlim Mircavadovun da rolu olub: “Ağasəlim müəllim məni komandasında görmək istəyirdi. Təbii ki, baş məşqçinin istəyi böyük rol oynayır. Onunla söhbətimiz olub və mənə rəhbərliyi altında oynamağımı təklif edib. Futbolçu baş məşqçinin istəyi, inamı olmadan onun çalışdırdığı kluba keçməz”.

21 yaşlılardan ibarət yığmamızın üzvü olan Hüseynov hazırda Bakıda milli komandamızın təlim-məşq toplanışına qatılıb. O, yığmamızın Avstriyadakı hazırlıq prosesi və yoldaşlıq görüşlərində iştirak edəcək: “Yığmada hazırlığımız çox yaxşı gedir. Əla kollektivimiz var. Baş məşqçi Berti Foqtsun mənə münasibəti yaxşıdır. O, zədəmlə maraqlanıb. Belə ki, “Qarabağ”la oyunda zədə alsam da, indi vəziyyətim yaxşıdır. Komanda ilə birgə məşqlərdə çalışıram”.