Yığmamızın sabiq futbolçusu əyalətdə oynamaq istəmir
21.05.2010 - 18:02
Yığmamızın sabiq futbolçusu əyalətdə oynamaq istəmir
Son mövsümü “Turan”da keçirən, ancaq finişə bir neçə tur qalmış komandadan ayrılan Samir Musayevin karyerasını harada davam etdirəcəyi məlum deyil. Apasport.az saytının məlumatına görə, bir vaxtlar ölkə çempionatının ən məhsuldar hücumçuları sırasında yer alan və yığmanın da heyətinə cəlb edilən forvard indi istirahət edir.

O, yeni mövsümə hansı klubda başlayacağını hələ qətiləşdirməyib: “Heç kimlə görüşüb, danışmamışam. “Turan”la müqaviləm başa çatıb. Bu komandadan da təklif yoxdur. Yəqin ki, bir həftədən sonra hansı komandaya keçəcəyim bilinəcək”.

Arxada qalan mövsümlərin birində ölkə çempionatının bombardiri olan Musayev paytaxtda qalmağa üstünlük verir: “Rayon klublarına getmək istəmirəm. Paytaxtda qalmaq istəyirəm. Ancaq gələcəyi bilmək olmaz. Əgər qismət nədirsə, o da olacaq”.