Okan və Əmrə Türkiyə yığması ilə vidalaşdı
24.05.2010 - 23:17
Okan və Əmrə Türkiyə yığması ilə vidalaşdı
ABŞ-ın Nyu-Cersi şəhərindəki "Red Bull" arenada oynanan matçda Türkiyə yığması Çexiyanı 2:1 hesabı ilə məğlub edib. Apasport.az saytının xəbərinə görə, yoxlama görüşündə türklərin qollarını 31-ci dəqiqədə Arda Turan, 47-ci dəqiqədə isə Nihat Kahveçi vurublar. Çexlərin yeganə qolu isə 81-ci dəqiqədə Milan Çernının dəqiq zərbəsi nəticəsində mümkün olub.

Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin ölkənin Futbol Federasiyası ilə imzaladığı anlaşma rəsmən qüvvəyə minmədiyi üçün o, komandanı çalışdırıcı qismində meydana çıxarmayıb. Yığmanı Oğuz Çətin idarə edib. Milli komandanın heyətində yubiley matçına çıxan Əmrə Aşık və Okan Buruk qarşılaşmanın 9-cu dəqiqəsində hakimin fitindən sonra meydanı tərk edərək, yerlərini Gökhan Zan və Səlcuq Şahinə veriblər. Bu qarşılaşma Əmrə və Okanın Türkiyə yığmasında son matçları olub. Tribunalarda yığmanı coşqu ilə dəstəkləyən türk azarkeşlər isə əllərində Türkiyə bayrağı ilə yanaşı, "Qalatasaray", "Fənərbaxça", "Bursaspor", "Trabzonspor", "Karşıyakaspor" və "Əskişəhərspor"un bayraqlarını yellədiblər.

"Qalatasaray"ın yetirməsi olan Okan Buruk yığmadakı karyerasına 1992-ci ildə başlayıb. AÇ-2000-nin 1/4 finalına çıxan, DÇ-2002-də türk millisinin heyətində yer alan Okan Buruk yığmanın forması ilə 55 dəfə meydana çıxıb. "Qalatasaray"ın heyətində UEFA Kuboku və Avropa Superkubokunu alan Okan sonralar "İnter", "Beşiktaş", təkrar "Qalatasaray" və "İstanbul Böyükşəhər Bələdiyyəspor"da oynayıb. Bursadakı "Sönməz Filament" klubunun yetirməsi olan Əmrə Aşık isə karyerası ərzində "Balıkesirspor", "Fənərbaxça", "İstanbulspor", "Qalatasaray" və "Beşiktaş"da oynadıqdan sonra 2006-cı ildə "Cim-Bom"a dönüb. O, Türkiyə yığmasının heyətində 33 matça çıxıb.