Azərbaycan - Moldova: Avstriyada sülhə razılaşdıq
26.05.2010 - 22:15
Azərbaycan - Moldova: Avstriyada sülhə razılaşdıq
Bu gün Azərbaycan milli komandası Avstriyada təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Moldova millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Zeekirhen şəhərində oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq və ANS telekanalı ilə canlı yayımlanacaq.

Bu, moldovalılarla yığma səviyyəsində 8-ci oyunumuz olacaq. İndiyə kimi keçirilən 7 oyunun 1-də biz, 3-də rəqib qalib gəlib, 3 görüş isə qolsuz heç-heçə bitib. Moldova yığması üzərində yeganə qələbəmizi 12 il öncə Bakıda əldə etmişik. Son üç oyunda qələbə seriyasını davam etdirən Foqtsun komandasından bu tilsimi qıracağını gözləyirik. Yığmamız hazırlıq keçəcəyi Avstriyada mayın 29-da Makedoniya, iyunun 2-də Hondurasla görüşəcək.

Qeyd edək ki, apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbiri oyunun onlayn nəticəsini təqdim edəcək. Dəyərli oxucularımız görüşdən sonra baş məşqçilərin, futbolçuların fikirləri ilə də tanış ola bilər.

Milli komandaların start heyətləri
Azərbaycan: 1. Kamran Ağayev, 14 Rəşad Sadıqov (k), 21. Vladimir Levin (Vurğun Hüseynov, 46), 5. Elnur Allahverdiyev (74. Rail Məlikov, 74), 18. Maksim Medvedev (25. Cavid Hüseynov, 62), 8. Aleksandr Çertoqanov, 15. Ruslan Abışov (78. Rahid Əmirquliyev, 78), 11. Rauf Əliyev, 4. Mahir Şükürov, 10. Elvin Məmmədov (9 Samir Abbasov, 70), 24. Fərid Quliyev

Moldova: 1. Stanislav Namaşko, 4. Simon Bulqaru, 5. Aleksandru Yepuryanu (k), 16. Aleksandru Keltuyale (2. Oleq İkim, 86), 18. Vadim Boloqan, 17. Yevgeni Çebotaru (Aleksey Savinov, 71), 7. İqor Sıqırlaş (Yevgeni Sidorenko, 66), 8. Nikolay Josan (13. Aleksandtr Suvorov, 71), Anatoli Doroş (20. Vyaçeslav Sofroni, 55), 10. Denis Kalinkov (6. Andrey Kojokaru, 46), 11. Sergey Dadu

Oyunu avstriyalı hakimlər briqadası idarə edir. Baş hakim Harald Lexnerə Alain Hoxna, Harald Lederer və Harald Ruiss yardımçıdır.

6-cı dəqiqə. Əvvəlcə Kalinkov, daha sonra Doroşun güclü zərbəsi qapıdan aralı keçir.
8-ci dəqiqə. Yerinə yetirdiyimiz standart vəziyyətlərdən sonra Namaşko inamlı oynayır.
15-ci dəqiqə. Dadunun zərbəsi təhlükəli alınsa da, dəqiq olmur. Quliyevin buna cavabı da qeyri-dəqiq zərbə ilə yadda qalır.
16-cı dəqiqə. Raufun cərimə meydanı daxilindən zərbəsi qapının üstündən keçir.
21-ci dəqiqə. Elvinin col cinahdan zərbəsindən sonra moldovalı qapıçının çıxışda səhvə yol verməsi nəticəsində hesab açılır - 1:0.
26-cı dəqiqə. Doroşun qapı qarşısına təhlükəli ötürməsini Ağayev tutur.
45-ci dəqiqə. Baş hakim ilk hissəyə əlavə vaxt təyin etmir və yığmamız fasiləyə hesabda 1:0 irəlidə yollanır.
46-cı dəqiqə. İkinci hissə başlayır. Komandalar hərəyə bir əvəzləmə edir. Vurğun Hüseynov yığmamızda debüt edir. Onun qayda pozuntusundan sonra rəqib təhlükəli zərbə yerinə yetirsə də, yenicə meydana çıxan Kojokarunun zərbəsi dəqiq olmur.
49-cu dəqiqə. Raufun sağ cinahdan ötürmədən sonra yaxın məsafədən qapıya zərbəsi dirəyin yanından keçir.
53-cü dəqiqə. Yenidən Kojokarunun zərbəsi təhlükəli alınır və Kamran cəriməı zərbəsinindən sonra topu qaytara bilir.
55-ci dəqiqə. Kalinkovun ardından çempionatımızın daha bir iştirakçısı - Doroş əvəzlənir. Onun yerinə Azərbaycan kubokunun qalibi Vyaşeslav Sofroni daxil olur.
62-ci dəqiq. Maksim zədələndiyindən oyunu davam etdirə bilmir. Onu Cavid Hüseynov əvəzləyir və bu zaman taktiki dəyişiklik olur. Belə ki, Mahir yarımmüdafiənin cağ cinahından müdafiənin sağ cinahına çəkilir Hüseynov isə yarımmüdafiənin sağ cinahında yer alır.
65-ci dəqiqə. Oyunda ilk sarı vərəqəni Allahverdiyev Sıqırlaşa qarşı kobudluğa görə alır.
67-ci dəqiqə. Ağayev Sofroninin zərbəsini çətinlik çəkmədən tutur.
69-cu dəqiqə. Foqts meydana daha bir dayaq yarımmüdafiəçisini buraxır. Samir Abbasovun oyun qurucumuz olan Elvin Məmmədovu əvəzləməsi qalan dəqiqələrdə müdafiəyə daha çox diqqət yetirəcəyimizin göstəricidir.
74-cü dəqiqə. Rail Məlikov Allahverdiyegvin yerinə neydana daxil olmaqla onun möveyində, müdafiənin sol cinahında yer alır.
75-ci dəqiqə. Abışovun cərimə zərbəsindən sonra üstünlüyümüzü artırmağa yaxın olsa da, rəqib qapıçı topu küncə çıxara bilir.
78. Ruslan zərbədən sonra zədələnir və oyunu davam etdirə bilmədiyindən onun yerinə Rahid Əmirquliyev meydana çıxır.
81-ci dəqiqə. İkinci hissədə meydana daxil olan Kojokarunun növbəti cəhdi uğurla nəticələnir və gözəl qola imza atır.Onun uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapımızdan keçir. Kamran bu zərbəyə reaksiya göstərə bilmir.
86-cə dəqiqə. Debüt oyununu uğursuz keçirən Vurğun Sofroniya qarşı kobduluğa görə sarı vərəqə alır. Bundan az sonra Bulqaru hakimlə mübahisəyə görə eyni cəzaya məruz qalır.
88-ci dəqiqə. Rəşadın cərimə zərbəsindon sonra hesabda yenidən irəli çıxmaq imkanı əldə etdik. Ancaq top qapı tirinin azca üstündən keçdi.
90-cə dəqiqə. Oyunun ikinci hissəsinə 2 dəqiqə əlavə olunur. Komandamızın səyləri nəticə vermir və görüş 1:1 hesabı ilə nəticələnir.