Elvin Əliyev: Biz hələ mükafat almamışıq - MÜSAHİBƏ
26.05.2010 - 17:32
Elvin Əliyev: Biz hələ mükafat almamışıq - MÜSAHİBƏ
"Bakı" klubunun kapitanı Elvin Əliyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunun final oyununda "Xəzər Lənkəran"a qalib gəldikdən sonra düşərgənizdə bayram əhval-ruhiyyəsi vardı. Həmin şənliyi üstünüzdən ata bilmisinizmi?
- Həqiqətən də, gözəl anlar yaşadıq. Amma bütün yayı kuboku düşünmək lazım deyil. İrəli baxmaq vacibdir. Bizi daha məsul yarışlar gözləyir.

- Amma finalda vurulan ilk qol hələ çox müzakirəyə səbəb olacaq. Kapitan kimi, məsələyə necə şərh verə bilərsiniz?
- Məncə, biz üzərimizə düşəni etdik. Belə ki, Skuliç “Fair Play” qaydalarına uyğun olaraq, topu rəqib komandanın qapıçısına göndərdi. İndi topun qapıya daxil olması, bizim səhvimiz deyil. Hər halda, bu oyunda vurulan yeganə qol olmadı. Bundan sonra da nəzarəti əlimizdə saxlayıb ikinci topu da "Xəzər-Lənkəran"ın qapısından keçirdik.

- Oyunun gedişində rəqibin baş məşqçisi Ağasəlim Mircavadov cinahınızdakı futbolçunu dəyişdi. Bu, sizdə yorğunluq yaratmadı ki?
- Düzü, oyundan öncə ayağımda ciddi ağrılar vardı. İynə gücünə də olsa, oyuna çıxmışdım. Məncə, ağrılar çıxışıma müəyyən mənada mənfi təsir göstərdi. Amma ümumilikdə komandaya xələl gətirmədim.

- "Bakı" rəhbərliyinin qələbəyə görə, komandaya külli miqdarda mükafat verəcəyi doğrudur?
- Düzü, eşitmişəm ki, mükafat olacaq. Ancaq hələ bizə heç nə verilməyib. Odur ki, bu barədə ətraflı danışmaq istəmirəm. Biz finala "Bakı"nın və öz mənafeyimizi düşünüb çıxmışdıq. Pulun o qədər də önəmi yox idi.

- Mövsümün gedişində komandada çox sayda kadr dəyişikliyi oldu. Yeniləmələrdən sonra bu uğurlara imza atmaq sizin üçün əlçatmaz görünmürdü ki?
- Hadisələrin axarından asılı olmayaraq, biz çıxıb oyunumuz nümayiş etdirdik. Düzü, çoxu baş məşqçi dəyişikliyinin əleyhimizə işləyəcəyini düşünürdü. Amma düzgün seçilən strategiya nəticəsində həm çempionatda mükafatçılar sırasına düşdük, həm də Azərbaycan kubokunu əldə etdik.

- Maraqlıdır, oyundan öncə içinizdə hansı hiss vardı?
- Bildiyiniz kimi, biz bir həftə öncə Lənkəranda qələbə qazanmışdıq. İşimizi bitmiş saymadıq. Azərbaycanda gücünə görə, kəskin fərqlənən komanda yoxdur. Yəni hər hansı bir rəqibdən çəkinmək anlayışı qəbul olunmazdır. Biz ancaq və ancaq qələbəni düşünüb döyüşə atılmışdıq. Çünki gümüş medalımız vardı. Daha yüksək əyarlı medal qazanmaq istəyirdik.

- Kuboku qazanmaqla, Avropa Liqasına II mərhələdən başlamaq hüququna yiyələndiniz. Cüneyt Biçər baş məşqçi postunda qalarsa, Avropadakı həyəcanın öhdəsindən gələ bilərmi?
- Əvvəlcə komandanın formalaşmasında əməyi olan keçmiş baş məşqçi Bülənt Korkmazı xatırlamaq istəyirəm. O, "Bakı" üçün müəyyən işlər gördü. Onun sələfi Cüneyt Biçər gənc olsa da, başçılıq etdiyi komanda mövsümdə iki titul qazandı. Bu, məşqçinin gücündən xəbər verir. Yaşı az olsa da, biliyi çoxdur. Final oyununu 30 minə, yaxın azarkeş izlədi. Yəqin ki, Avropa Liqasında da bu cür həyəcanın şahidi olacağıq. Əgər komanda özünəinam hissini qoruyub saxlasa, uğurlu oyunlar seriyası bundan sonra da davam edəcək.

- Komandanızın Avropa Liqasında hədəfi nədir?
- Bildiyiniz kimi, "Bakı"nın müəyyən hədəfləri var və bunlar uğrunda çalışır. Əlbəttə, biz istəyərdik ki, Avropa Liqasının qrup mərhələsində yarışaq. Bu, bizə yuxu kimi görünmür. Hiss edirik ki, bunu bacara bilərik. Ötən il bir mərhələ keçmişik. Cari il ən azından nəticəmizi yaxşılaşdırmalıyıq. Yəqin ki, Avropa Liqası ərəfəsində heyət daha da gücləndiriləcək. Yeni futbolçular gəldikdən sonra hədəflər barəsində konkret danışmaq olar.

- Avropa Liqasında qarşılaşmaq istədiyiniz hər hansı komanda varmı?
- Bu, qismətdən asılıdır. Cütlükləri biz müəyyənləşdirə bilmərik. Ötən il ikinci mərhələdə güclü "Bazel"ə qarşı oynadıq və mübarizəni dayandırdıq. İlkin mərhələdə isə "Ekranas"ı üstələmişdik. Mən ilkin mərhələdə "Ekranas" kimi komanda ilə qarşılaşmağımızı istəyirəm. Çünki asandan çətinə doğru getmək yaxşıdır. Bu o demək deyil ki, biz kimdənsə, çəkinirik. İnşallah, Avropa meydanlarında da uğurlu oyun sərgiləyib, Azərbaycanın adını layiqincə təmsil edəcəyik.

- Artıq "Bakı" rəhbərliyi 6-7 futbolçu ilə müqaviləsinin müddətini artırıb. Maraqlıdır, sizinlə bu barədə söhbət olubmu?
- Müqaviləmin müddəti artıq başa çatıb. Legionerlərlə razılığa gəlinsə də, mənimlə bu barədə hələ ki, söhbət aparılmayıb. İnşallah, danışmaq üçün vaxtımız çox olacaq.

- Bəs, başqa klublardan dəvət almısanmı?
- Çempionat yeni başa çatdığı üçün hansısa klubla danışığımız olmayıb. Düzü, adını çəkmək istəmədiyim bir klub xidmətimdə maraqlıdır. Eşitmişəm ki, məni heyətində görmək istəyir. Gəlin, açıq danışaq. Azərbaycanda çox az klub "Bakı"nın şəraitinə malikdir. Məncə, "Bakı" ilə yanaşı, "Xəzər-Lənkəran", "Neftçi", "Qarabağ" futbolçularının rahatlığını təmin edir. Artıq "Bakı"nın yeni bazası da istifadəyə verilib. Klub və yığma səviyyəsində bir çox ölkələrdə təlim-məşq toplanışlarında olmuşuq, klubların bazalarının vəziyyətləri ilə maraqlanmışıq. Fikrimcə, "Bakı" texniki baza baxımından onlardan heç də geri qalmır. Yəni bu klubda oynamaqda maraqlıyam. İnşallah, yaxın günlərdə müqavilə məsələsini müzakirə edərik.