“Muğan” klubu Sloveniya və Türkiyə arasında seçim edir
26.05.2010 - 17:58
“Muğan” klubu Sloveniya və Türkiyə arasında seçim edir
Salyanın “Muğan” klubu yeni mövsümə hazırlıq məqsədilə xaricə üz tutacaq. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev apasport.az saytına açıqlamasında iki ölkə arasında seçim edəcəklərini bildirib: “Komandamız iyunun 25-də bir araya gələcək. Hazırlığın ilk mərhələsini Bakıda, Salyanda keçirəcəyik. Bundan sonra ölkə xaricində hazırlıq keçəcəyik. Məkanla bağlı iki variant var. Ya Sloveniya, ya da Türkiyədə təlim-məşq toplanışında olacağıq. Bu, iyulun 10-dan 20-ə kimi planlaşdırıb. Həmin müddətdə yoxlama oyunu da keçirəcəyik. İyulun son ongünlüyündə geri qayıdıb, hazırlığın son mərhələsini ölkə daxilində keçirəcəyik”.

Uzun illər müxtəlif yaş qruplarından ibarət yığmalarımızda çıxış edən 24 yaşlı kapitanları Elnur Abdullayevlə yeni bir illik müqavilə bağladıqlarını deyən Şirəliyev qapıçı axtarışında olduqlarını bildirib: “Kurtanoviçlə yollarımızı ayırandan sonra sərəncamımızda bir qapıçı - Amil Ağacanov qalıb. Bizə mütləq qapıçı lazımdır və bu mövqeyə oyunçu transfer edəcəyik. Həmin qapıçının yerli olmasını istəyirik. Qapıçıları da nəzərə alsaq, yeni mövsümdə komandamızda 23 futbolçu olacaq. 6 yeni futbolçu almaq fikrindəyik. Bunlar arasında həm yerli, həm də əcnəbi futbolçu olacaq. Məşqçilər korpusumuzda da yenilik olacaq. Bizə qapıçılarla işləyən məşqçi lazım olduğundan, bu vəzifəyə çalışdırıcı dəvət edəcəyik. Bu, öz məşqçimiz ola bilər”.

Mehman SÜLEYMANOV