Berti Foqts: Biz gələcəkdə onun oyunundan həzz alacağıq
27.05.2010 - 00:46
Berti Foqts: Biz gələcəkdə onun oyunundan həzz alacağıq
Azərbaycan yığması Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirdi. Moldova ilə heç-heçə nəticələnən qarşılaşmadan sonra milli komandamızın baş məşqçisi Berti Foqts apasport.az saytına müsahibə verib

- 1:1 oyunun ədalətli nəticəsi idi. Birinci hissədə biz, ikinci hissədə isə rəqib yaxşı oynadı. İlk yarıda daha baxımlı futbol nümayiş etdirdik. İkinci 45 dəqiqədə isə Moldova yığması daha yaxşı təsir bağışladı.

- Azərbaycan çempionatı yeni başa çatıb. Futbolçularda yorğunluq hiss olunurdu?
- Çox təəssüf ki, rəqib ikinci hissədə bizdən üstün idi. Hiss olunurdu ki, futbolçularda yorğunluq var idi. Növbəti, eləcə də rəqsmi oyunlarda daha yaxşı çıxış etmək üçün hazırlaşmalıyıq. Belə təlim-məşq toplanışları çox olmalıdır ki, bu çatışmazlıqları aradan qaldıraq.

- Milli komandada daha bir futbolçu debüt etdi. Gənc müdafiəçi Vurğun Hüseynovun sərgilədiyi oyundan nə dərəcədə razı qaldınız?
- Beynəlxalq oyun yoldaşlıq görüşündən fərqlənir. Bununla belə, mən Vurğunun çıxışından razı qaldım. Təkbətək mübarizələrdə bir az diqqətli olmalıdır. Fikrimcə, biz gələcəkdə onun oyununda həzz alacağıq. Tez-tez keçirilən toplanışlar həm də ona görə lazımdır ki, Vurğun kimi gənc futbolçular təcrübə yığsınlar.

- Bu görüşdə elə bir futbolçu oldumu ki, Foqts həm yaxşı, həm də pis mənada ondan istədiyini ala bilmədi?
- Ön xətdə Rauf Əliyevlə Fərid Quliyevin oyunundan razı qaldım. Hər ikisi çox gözəl oynadılar. Onlar rəqibin müdafiəçilərini çox yordular.

- Oyun zamanı 2 futbolçumuz - Maksim Medvedevlə Ruslan Abişov zədələndi...
- Görüş yeni başa çatdığı üçün onlardan vəziyyətindən hələlik xəbərim yoxdur.

- Bəs Vaqif Cavadovun Makedoniya ilə mayın 27-də keçiriləcək oyunda meydana çıxması gözlənilirmi?
- Xeyr, Vaqif həmin görüşdə oynamayacaq. Onun hazırda xeyli problemləri var, bunu aradan qaldırmaq üçün çalışırıq. O mənə gələcəkdə lazım olacaq. İndi meydana çıxsa, qorxuram ki 6-7 ay bizə kömək edə bilməsin.

- Makedoniya ilə qarşılaşmada heyətdə çoxmu dəyişiklik olacaq?
- Olacaq, amma çox yox. Bir neçə mövqedə dəyişiklik edəcəyəm.

- Ümumiyyətlə, belə oyunlarda nəticə nə dərəcədə vacibdir?
- Məşqçi üçün belə qarşılaşmalarda nəticə vacib deyil. Məşqçiyə lazımdır ki, futbolçu çoxlu oyun keçirsin.