Moldovalılar Berti Foqtsu rekordçu olmağa qoymadı
27.05.2010 - 11:23
Moldovalılar Berti Foqtsu rekordçu olmağa qoymadı
Berti Foqts Azərbaycan milli komandasının tarixinə düşə bilmədi. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi mütləq rekordçu olmaq şansını əldən verdi. Məsələ ondadır ki, milli komandamız 18 illik tarixində ən yaxşı halda ardıcıl 3 qələbə qazanıb. Buna 17 il öncə baş məşqçi olan Ələkbər Məmmədov, indi isə Foqts imza atmışdı.

Yığmamız ilk belə het-trikə Məmmədovun vaxtında nail olub. Həmin vaxt postsovet məkanının təmsilçiləri ilə görüşlər iki həftə ərzində keçirilib. Həmin qələbələrdən birincisi Gəncədə, sonrakı ikisi İranda təşkil olunan beynəlxalq turnirdə qazanılıb. Foqtsun səfərdə üç qalibiyyəti isə 105 gün ərzində reallaşıb. Hər halda, rəqibləri müqayisə etsək, 64 yaşlı alman mütəxəssisin uğuru daha böyük sayılmalıdır. Ancaq Foqts daha bir qələbə qazanmaqla, bu il 80 illik yubileyini qeyd edən azərbaycanlı həmkarını qabaqlayıb, futbol tariximizə düşə bilərdi. Əslində milli komandamız Moldova yığması ilə Avstriyada keçirdiyi yoldaşlıq görüşündə (1:1) buna nail olmağa çox yaxın idi. Ancaq rəqib sona 9 dəqiqə qalmış hesabı bərabərləşdirməklə qələbəyə imkan vermədi.

Qeyd edək ki, Məmmədov mili komandamızın tarixində Əhməd Ələsgərovdan sonra ikinci baş məşqçidir. Yığmamızda qısa müddət çalışan veteran futbolçumuz hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan milli komandasının ardıcıl üç qələbəsi

1993-cü il

25 may. Gəncə. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan - 1:0
6 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Tacikistan - 2:0
7 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qırğızıstan - 3:2
Baş məşqçi: Ələkbər Məmmədov

2009-cu il
18 noyabr. Əl-Ayn. Beynəlxalq turnir. Azərbaycan – Çexiya – 2:0

2010-cu il
25 fevral. Əmman. Yoldaşlıq görüşü. İordaniya – Azərbaycan – 0:2
3 mart. Lüksemburq. Yoldaşlıq görüşü. Lüksemburq – Azərbaycan – 1:2
Baş məşqçi: Berti Foqts (Almaniya)

Mehman SÜLEYMANOV