Arif Əsədov: Yığmadakı futbolçularımdan razı qaldım
27.05.2010 - 11:35
Arif Əsədov: Yığmadakı futbolçularımdan razı qaldım
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov futbolçularının milli komandamızın heyətində Moldova yığması ilə yoldaşlıq görüşündə (1:1) çıxışını dəyərləndirib.

40 yaşlı çalışdırıcı apasport.az saytının Avstriyaya ezam olunmuş müxbirinə açıqlamasında müdafiəçilər Ruslan Abışovla Rail Məlikov, yarımmüdafiəçi Cavid Hüseynov haqda fikir bildirib. Həmin oyunu seleksiya məqsədilə yollandığı Avstriyada izləyən Əsədov yetirmələrindən narazı qalmayıb: “Bildiyiniz kimi, Ruslan öz mövqeyində, yəni müdafiənin mərkəzində yox, dayaq yarımmüdafiəçisi kimi oynadı. Fikrimcə, çıxışı pis alınmadı. Hardasa bir az hiss olunurdu ki, bu mövqe onun üçün yenidir. Rail də ikinci hissədə meydana çıxdı. O da öz mövqeyində oynamadı, yəni müdafiənin sol cinahında çıxış etdi. Sağ cinahda oynamasa belə, narazı qalmadım. Əvəzlənərək meydana daxil olan Cavid Hüseynov əvvəl passiv olsa da, sonra fəallaşdı. Bu gün üçün, yəni mövsümün sonu olduğunu nəzərə alsaq, futbolçularımdan razı qaldım”.