Ruslan Poladov: Harada oynayacağım bilinmir
27.05.2010 - 16:15
Ruslan Poladov: Harada oynayacağım bilinmir
“Xəzər-Lənkəran”la müqaviləm başa çatıb. Karyeramı hansı klubda davam etdirəcəyim hələ bilinmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun müdafiəçisi Ruslan Poladov deyib.

Çempionluğu son matçda əldən verən “Xəzər-Lənkəran” ümidini ölkə kubokunu qazanmağa bağlasa da, bu da alınmadı. Əyalət təmsilçisi finalda “Bakı”ya yenilərək, mövsümü titulsuz qapadı. Hazırda oyunçulara istirahət verən cənub təmsilçisi müqaviləsi başa çatan futbolçularla danışıq aparmağa tələsmir. Elə bunun nəticəsidir ki, Poladov da hazırkı klubundan yeni müqavilə imzalamaq barədə təklif almayıb: “Xəzər-Lənkəran”da qalmaq məndən asılı deyil. Gərək, klub rəhbərliyi bunu istəsin. Etiraf edim ki, başqa komandalardan transfer təklifi almışam. Onlar paytaxt təmsilçiləridir. İndiki məqamda ad açıqlamaq istəmirəm”.

Müdafiəçinin son vaxtlar “Standard”la danışıq apardığı və yenidən Sumqayıt təmsilçisinin şərəfini qoruyacağı deyilir. Lakin Poladov bunu təkzib edib: “Kim deyir “Standard”la danışıq aparıram. Bu, əsası olmayan söz-söhbətdir. Yenə deyirəm, xidmətimdə maraqlı olan klublar var. Artıq təklif də göndəriblər, ancaq aralarında “Standard” yoxdur”.