Rəşad Sadıqov Berti Foqts üçün ilk antiqəhrəman oldu
31.05.2010 - 17:32
Rəşad Sadıqov Berti Foqts üçün ilk antiqəhrəman oldu
Rəşad Sadıqov kapitanı olduğu Azərbaycan milli komandasında ilk avtoqola imza atdı. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi Makedoniya yığması ilə Avstriyada keçirdiyimiz yoldaşlıq görüşündə topu başla Kamran Ağayevin qoruduğu qapıdan keçirdi. Bununla da Rəşad iki ildir milli komandamızı çalışdıran Berti Foqtsun dövründə avtoqol edən ilk antiqəhrəman futbolçu kimi tarixə düşdü.

Yığmamız sonuncu avtoqolu 5 il öncə etmişdi. Bu, Sadıqovun hazırda “Qarabağ”da komanda yoldaşı olan Aftandil Hacıyevin ayağına yazılmışdı. Ümumiyyətlə, yığmamızda avtoqolları bir qayda olaraq müdafiəçilərimiz edib. Rəşad isə buna qədər avtoqola 2007/08 mövsümünün ikinci dövrəsində “Neftçi”də oynadığı zamanı “Bakı”ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə imza atmışdı.

Qeyd edək ki, yığmamız 18 illik tarixində yalnız bir dəfə rəqibin avtoqoluna sevinib. Bu, 1993-cü ilin mayın 25-də Gürcüstan yığmasına Gəncədə 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə reallaşıb. Həmin vaxt millimiz rəqib müdafiəçi Arçil Lobjanidzenin topu öz qapısından keçirməsi sayəsində tarixində ilk qələbəsini qazanıb.

Milli komandamızda avtoqol edən futbolçular

7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu. Bakı.

Azərbaycan – İtaliya 0:2
Tərlan Əhmədov, 32 – hesabı açıb.

12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu. Helsinki.
Finlandiya – Azərbaycan – 3:0
Emin Ağayev, 14 – hesabı açıb

14 dekabr 2003-cü il. Dubay. Yoldaşlıq görüşü.
BƏƏ – Azərbaycan - 3:3
Emin Quliyev, 4 - hesabı açıb

26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu.
Polşa – Azərbaycan – 8:0
Aftandil Hacıyev, 16 - hesabı 0:2 edib

Mehman SÜLEYMANOV