Mahir Şükürov Berti Foqtsun ən çox güvəndiyi futbolçudur
03.06.2010 - 17:14
Mahir Şükürov Berti Foqtsun ən çox güvəndiyi futbolçudur
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ən çox güvəndiyi futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 64 yaşlı almaniyalı mütəxəssis Avstriyada keçirilən yoldaşlıq görüşlərində hamıdan çox Mahir Şükürova şans verib.

Rusiya Premyer Liqasında çıxış edən “Anji” klubunun şərəfini qoruyan 28 yaşlı sağ cinah yarımmüdafiəçi bütün oyunları əvəzedilmədən keçirib. Foqts Avstriyaya apardığı 25 futbolçudan yalnız 8-ni hər üç oyunda meydana buraxıb. Bunlardan Mahir kimi kapitan Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev və Rauf Əliyev bütün görüşlərdə əsas heyətdə meydana çıxıb. Onların hamısının eyni klubda - millidə ən çox təmsilçisi olan “Qarabağ”da oynaması diqqət çəkən məqamdır. Avstriyada çıxan futbolçularımız arasında yeganə legioner olan Şükürov əvəz olunmadığından, yığmadakı komanda yoldaşlarını dəqiqə baxımından qabaqlayır. Adətən Rəşad sona kimi meydanda olsa da, Foqts onu Makedoniya ilə görüşdə topu öz qapısına göndərdikdən az sonra əvəzlədi. Yığmamızın Avstriyada vurduğu və buraxdığı qollar hərəsi bir futbolçu ilə bağlıdır. Belə ki, hər iki qolumuzun müəllifi Elvin Məmmədov oldu, qapımızdan hər 4 topu isə Kamran Ağayev buraxdı. Saşa Yunisoğlu Avstriyada keçirdiyi yeganə oyunda meydandan qovuldu. Belə sərt cəzaya məruz qalan yeganə futbolçumuz Honduras yığması ilə görüşdə sona 18 dəqiqə qalmış kobud oyuna görə birbaşa qırmızı vərəqə aldı.

Almaniyalı çalışdırıcı apardığı heyətdən üç futbolçuya şans vermədi. Hollandiyanın son çempionu olan “Tvente” klubunun bu ildən şərəfini qoruyan Vaqif Cavadovun yığmaya qayıdışı məhz Avstriyadakı oyunlarda gözlənilirdi. Ancaq zədə, əməliyyatdan sonra hələ tam bərpa olmayan 21 yaşlı hücumçu yenə ehtiyatda qaldı. Foqts bu il meydana buraxmadığı Cavadova bərpa olunması məqsədilə Avstriya küçələrində velosiped sürdürdü.

Vaqifin “Qarabağ”da yoldaşı olmuş Fərhad Vəliyevin oynamamağı gözlənilməz oldu. Düzdür, Fərhad əsas qapıçı Kamranın əvəzləyicisi olsa da, daim ehtiyatda qalmır. Xüsusilə Hondurasla oyunda Ağayevin oynamayacağı bilindikdən sonra Vəliyevin qapıda yer alacağı deyilirdi. Ancaq Fərhad həmin görüşü kənarda izlədi, Foqts isə toplanışlara apardığı 19 yaşlı qapıçı Səlahət Ağayevin, nəhayət, millidə debütünə şərait yatardı. Yeri gəlmişkən, Səlahət kimi 21 yaşlılardan ibarət yığmamızın üzvü olan Vurğun Hüseynovla Amit Quluzadə də millidə Avstriyada debüt etdi. Debütantlardan yalnız Arif Daşdəmirov şans qazanmadı. Hər halda, ilk dəfə çağırılan futbolçunun yoldaşlıq görüşlərində də sınanması təəccüblü sayıla bilər.

Qeyd edək ki, yığmamız Avstriyada Moldova (1:1) və DÇ-2010-un iştirakçısı Hondurasla (1:1) heç-heçə etdi, Makedoniyaya uduzdu (1:3).

N futbolçu klubu təvəllüdü ampluası oyun (qol) dəqiqə sarı qırmızı

1. Mahir Şükürov “Anji” (Rusiya) 1982 yarımmüdafiəçi 3 270 - -
2. Rəşad Sadıqov “Qarabağ” 1982 müdafiəçi 3 255 - -
3. Elnur Allahverdiyev “Qarabağ” 1983 müdafiəçi 3 254 2 -
4. Maksim Medvedev “Qarabağ” 1989 müdafiəçi 3 242 - -
5. Rauf Əliyev “Qarabağ” 1989 hücumçu 3 210 - -
6. Aleksandr Çertoqanov “İnter” 1980 yarımmüdafiəçi 3 202 - -
7. Elvin Məmmədov “Qarabağ” 1988 yarımmüdafiəçi 3 (2) 192 - -
8. Samir Abasov “İnter” 1978 yarımmüdafiəçi 3 125 1 -
9. Kamran Ağayev “Xəzər-Lənkəran” 1986 qapıçı 2 (-4) 180 - -
10. Ruslan Abışov “Neftçi” 1987 müdafiəçi 2 168 - -
11. Amit Quluzadə “Neftçi” 1992 yarımmüdafiəçi 2 158 1 -
12. Fərid Quliyev “Standard” 1986 hücumçu 2 135 - -
13. Vladimir Levin “İnter” 1984 müdafiəçi 2 90 - -
14. Vurğun Hüseynov “Qəbələ” 1989 müdafiəçi 2 90 1 -
15. Cavid Hüseynov “Neftçi” 1988 yarımmüdafiəçi 2 73 - -
16. Fabio Luis Ramim “Bakı” 1981 yarımmüdafiəçi 2 60 - -
17. Səlahət Ağayev “İnter” 1991 qapıçı 1 90 - -
18. Saşa Yunisoğlu “Bakı” 1985 müdafiəçi 1 72 - 1
19. Vüqar Nadirov “Qarabağ” 1987 hücumçu 1 45 - -
20. Rail Məlikov “Neftçi” 1985 müdafiəçi 1 16 - -
21. Ruslan Əmircanov “Neftçi” 1985 müdafiəçi 1 13 - -
22. Rahid Əmirquliyev “Xəzər-Lənkəran” 1989 yarımmüdafiəçi 1 12 - -
23. Fərhad Vəliyev “Qarabağ” 1980 qapıçı - - - -
24. Vaqif Cavadov “Tvente” (Hollandiya) 1989 hücumçu - - - -
25. Arif Daşdəmirov “Qəbələ” 1987 yarımmüdafiəçi - - - -

Mehman SÜLEYMANOV