Azərbaycan millisi almanların əzmkar qələbəsini gördü
04.06.2010 - 09:04
Azərbaycan millisi almanların əzmkar qələbəsini gördü
Azərbaycan millisinin üzvləri Almaniya ilə Bosniya və Herseqovina yığmaları arasında yoldaşlıq görüşünü izləyiblər. Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçmək üçün Almaniyanın Frankfurt şəhərinə yollanan yığmamız matçın keçirildiyi “Kommersbank” arenasına baş çəkib.

Avro-2012-də millimizin rəqibi olan Almaniya bosniyalılara 3:1 hesabı ilə qalib gəlib. Özü də Berti Foqtsun baş məşqçisi olduğu yığmamız almanların əzmkar qələbəsinə şahid olub. Almaniya bundesliqasında oynayan hücumçu Edin Dzeko 15-ci dəqiqədə hesabı açmaqla, Foqtsun həmyerlilərini çətin vəziyyətdə qoyub. Bundestim ikinci hissədə “Bavariya”nın futbolçularının sayəsində istəyinə çatıb. Müdafiəçi Filipp Lam 50-ci dəqiqə tarazlığı bərpa edib. Yarımmüdafiəçi Bastian Şvaynştayger 3 dəqiqəyə (74 və 77-ci dəqiqələr) iki penalti zərbəsini dəqiqə yerinə yetirməklə, almanlara qələbə qazandırıb.