Ruslar Mahir Şükürovu Avstriyada görməməzliyə vurdular
04.06.2010 - 09:50
Ruslar Mahir Şükürovu Avstriyada görməməzliyə vurdular
Rusiyanın “Sovetskiy Sport” qəzeti Azərbaycan futbolu ilə bağlı növbəti xəta edib. Apasport.az saytının məlumatına görə, qəzetin bugünkü internet səhifəsində yığmamızın Hondurasla oyunu haqda xəbərdə Mahir Şükürovla bağlı yanlışlığa yol verilib.

Adətən rus həmkarlarımız öz çempionlarında oynayan legionerlərin yığmalarının heyətində olduğu zaman məlumat verirlər. “Sovetskiy Sport” Mahirin Hondurasla görüşdə çıxışı ilə bağlı bunu yazıb: “Anji” klubunun və Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov ehtiyatda qalıb”.

Əslində, Şükürov qolsuz heç-heçə nəticələnən oyunda 90 dəqiqə meydanda olub. Maraqlısı odur ki, Mahir Avstriyada keçirdiyimiz hər üç yoldaşlıq görüşünü əvəzedilmədən keçirən yeganə futbolçudur. Belə olan halda, beynəlxalq miqyasda tanınan qəzetin niyə belə səhv etməsi başa düşülən deyil.

Qeyd edək ki, “Sovetskiy Sport”in internet səhifəsində bundan öncə “Xəzər-Lənkəran” Ermənistan klubu göstərilmiş, “Qəbələ”nin meneceri Zaur Əzizovun fikirləri təhrif olunmuşdu.