“Simurq”: Mahiyyətini itirən farm-klub
13.06.2010 - 13:40
“Simurq”: Mahiyyətini itirən farm-klub
Bu gedişlə daha bir təmsilçimiz tarixin yaddaşına köçəcək. Söhbət ötən mövsümün bürünc mükafatçısı və Avroliqada ölkəmizi təmsil etmiş "Simurq"dan gedir. Zaqatala təmsilçisi iddialı imicini bir anda rəzil komanda görüntüsü ilə əvəzlədi.

"İnter" "Xəzər-Lənkəran"dan nümunə götürməlidir

Son günlər "Simurq"un dağılması ilə bağlı söz-söhbətlər duyulmaqdadı. İş o yerə çatıb ki, komandanın kapitanı Elşən Məmmədov ölkə mətbuatına açıqlamasında bu cür xəbərlərin onun da qulağına çatdığını etiraf etmişdi. Maraqlıdı ki, Məmmədov belə komandanın yaşayıb-yaşamayacağı ilə bağlı konkret bir söz deməyə çətinlik çəkdiyini bildirmişdi.

Əslində, bu, gec-tez baş verməlidi. "Xəzər-Lənkəran" "Masallı"dan imtina etdiyi kimi, "İnter" də farm-klubu olan "Simurq"dan əlini üzməlidir. Çünki zaman o zaman deyil. İndi qəzetlərin, idman saytlarının sayı artıb. İnformasiya bolluğunda isə ictimaiyyət nəyin nə, kimin kim olmasından asanlıqla xəbər tutur. Təsadüfi deyil ki, "bankirlər" təzyiqə məruz qalmamaq üçün başa vurduğumuz çempionatda "kiçik qardaş"ına xal lazım olduğu halda, ondan üz çevirdi. Elə "İnter" də tarixində ilk dəfə Zaqatala səfərindən 3 xalla dönməyi bacarmadı. Belə olan halda, elitada iki komanda saxlamaq Beynəlxalq Bankın nəyinə lazımdı?

"Simurq" niyə bir anda dəyişdi?

"Simurq"la "İnter" sonuncu çempionat istisna olmaqla, bir-birinə yaxşı dayaq durdular. Bakılılar ehtiyac duymadıqları oyunçularını Zaqatalaya göndərir, "Simurq" isə "bəy verən atın dişinə baxmazlar" deyib, başını aşağı salaraq işi ilə məşğul olurdu. Özü də işinin öhdəsindən layiqincə gəlirdi. Yaxın keçmişə nəzər salsaq, əyalət təmsilçisinin "İnter"in rəqibləri üçün kabusa çevrildiyini görə bilərik. "Simurq" xüsusilə də, Zaqatalada rəqiblərinə aman vermirdi ki, bununla "böyük qardaşının" yolunu açmış olurdu. Amma ötən mövsüm vəziyyət ciddi şəkildə dəyişdi. Roman Pokoranın uğurlu işi sayəsində "Simurq" iddialı bir kollektivə çevrilməyi bacardı və mövsümü 3-cü pillədə başa vurdu. Di gəl ki, zaqatalalıların beynəlxalq arenadakı debütü uğurlu alınmadı. "Simurq" "dişinə uyğun" "Bney Yehuda"ya boyun əyərək, elə ilk mərhələdəcə mübarizəni dayandırdı.

Zaqatala təmsilçisi XVIII milli çempionata da uğurla başlamışdı. Təsadüfi deyil ki, "Simurq" təsnifat mərhələsinin ilk dövrəsini lider kimi tamamladı. Di gəl ki, sonradan nə oldu, nə keçdisə, komanda 180 dərəcə dəyişdi. Sanki komanda yuxarıdan gələn bir göstəriş əsasında iddialarından əl çəkdi və özü bilərəkdən xal itirməyə başladı.

Hadisələrin inkişafı daha maraqlı oldu. Çempionatın gedişində əksər legioner futbolçularını yola salan "Simurq" mövsümü kasad heyətlə, əvvəllər ehtiyatda qalan oyunçularla başa vurdu.

Hacıyevski müəmması

Klub rəhbərliyinin Roman Pokora ilə yollarını ayıracağı hələ mövsümün gedişində bəlli idi. Belə ki, klub prezidenti vaxtı ilə "Bakı"nı çalışdıran Georgi Hacıyevskini ölkəmizə dəvət edərək, əvvəlcə ona idman direktoru vəzifəsini təqdim etdi. Amma sonradan məlum oldu ki, makedoniyalı çalışdırıcı "Simurq"a Pokoranın əvəzləyicisi qismində gəlib.

Bir müddət ölkəmizdə qalan Hacıyevski "balaca çemodanımla burda çox qala bilmərəm" deyib, əşyalarını gətirmək üçün vətəninə yollandı. Di gəl ki, hələ də ondan səs-soraq yoxdu.

Görünür "Simurq"un dağılacağı ilə bağlı xəbərlər Makedoniyaya kimi gedib çıxıb.

Kapitan tərəddüd edir

"Simurq" dağılmasa da, cari çempionatı sadəcə yola verəcək. Hətta Zaqatala təmsilçisinin çıxışını aşağı dəstədə davam etdirməsi də mümkündü. Çünki vəziyyət gözlənildiyindən də gərgindi. Komandada cəmi 5 futbolçunun Rasim Ramaldanov, Rüstəm Məmmədov, Fuad Əhmədov, Ramil Sayadov və Ramin Nəsibovun qalması buna bariz sübutdur.

Rəhbərlik hazırkı kapitan Elşən Məmmədovu da klubda saxlamağa çalışır. Lakin 29 yaşlı hücumçu hələ ki, qərarını verməkdə tələsmir. Futbolçu özü tərəddüd içində olduğunu etiraf edib: "Komandamla müqaviləmin müddəti başa çatıb. İlk vaxtlar "İnter"ə keçəcəyim söylənilirdi. Amma zəng vurub, maraqlanan olmadı. Bununla da keçidim alınmadı. İndi də bəzi klublardan dəvətlər var. Amma qərar verməkdə tərəddüd edirəm".


Mənbə: “Ekspressfutbol” qəzeti