Hüseynov təkzib etdi: Təklifə baxandan sonra dəqiq bir şey deyə bilərəm
15.06.2010 - 13:20
Hüseynov təkzib etdi: Təklifə baxandan sonra dəqiq bir şey deyə bilərəm
“Simurq”un baş məşqçisi olmaqla bağlı rəhbərliklə danışığım olmayıb. Onlarla artıq razılığa gəlməyim doğru deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

Uzun illər çalışdırdığı “Karvan”la ötən mövsüm Premyer Liqanı tərk edəndən sonra yollarını ayıran 45 yaşlı mütəxəssis yeni təklif gözləyir. Dörd ildir elitada əməkdaşlıq etdikləri ukraynalı mütəxəssis Roman Pokora ilə müqaviləni uzatmayan Zaqatalanın “Simurq” klubunun rəhbərliyi isə ona əvəzləyici axtarır. Onlar uzun sürən müzakirələrdən sonra baş məşqçi postunun Hüseynova həvalə olunması haqda qərar verib və yeni çalışdırıcının adının sabah açıqlanacağı gözlənilir. Ancaq mütəxəssis təyinatının reallaşmasını təkzib etdi: “Simurq”dan təklif almamışam. Ancaq yəqin ki, olar. Təklif alsam, buna baxmağım lazımdır. Yalnız bundan sonra onu qəbul etməyimlə bağlı dəqiq bir şey deyə bilərəm. Hazırda istirahətdəyəm və heç bir yeni təklifim yoxdur”.

Qeyd edək ki, “Karvan” 2006-cı ilin yayında Hüseynovla UEFA kubokunda mərhələ adlayan ilk klubumuz kimi tarixə düşdü.