Zaur Məmmədov: “Simurq” sabit büdcəyə malik olacaq
16.06.2010 - 15:57
Zaur Məmmədov: “Simurq” sabit büdcəyə malik olacaq
“Həftənin sonunda baş məşqçi məsələsi ilə bağlı qərarımızı verəcəyik. Yeni çalışdırıcımız yerli də ola bilər, əcnəbi də”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Dörd il birgə çalışdığı ukraynalı mütəxəssis Roman Pokora ilə mövsüm bitəndən sonra yollarını ayıran əyalət təmsilçisi yeni baş məşqçi axtarışındadır. Məmmədovun sözlərinə görə, hələlik heç bir mütəxəssislə danışıqları olmayıb: “Bizə ilk öncə öz fikrimiz vacibdir. Bizə lazım olan mütəxəssisi müəyyənləşdirəndən sonra onunla konkret danışığa başlayacağıq. Baş məşqçi postuna namizədlər siyahısında 3-4 nəfərin adı var. Onu deyə bilərəm ki, nə Yunis Hüseynov, nə də Ramiz Məmmədovla danışığımız olub”.

Məmmədov “Bakı” ilə ölkə çempionu olan, yığmamızı da çalışdırmış makedoniyalı Qyoko Hacıyevskinin də siyahıdan silməyib: “Ola bilsin ki, onun da namizədliyini nəzərdən keçirdik. İstənilən halda, Hacıyevski klubumuzda fəaliyyət göstərəcək. Onu icraçı-direktor postuna təyin etmişik. Hacıyevski futbolçu seçimi ilə bundan sonra da məşğul olacaq. Yeni baş məşqçi ilə bağlı qərar verəndən, mövsümə hazırlığa başlayandan sonra da onu də dəvət edəcəyik. Komandamıza 5-6 futbolçu var və baş məşqçi məsələsini həll edəndən sonra yeni oyunçular dəvət edəcəyik”.

Klub rəhbərinin sözlərinə görə, komanda maliyyə sıxıntısı keçirmir: “Maddi baxımdan problemimiz yoxdur. Bizə yeni mövsümdə ayrılan maliyyə mənbəyi göstərilib. Biz həmişə sabit olmuşuq, bunu oyunumuzla da göstərmişik. Yenə sabit büdcəyə malik olacağıq”.