A seriyasının daha bir futbolçusu “Neftçi”də!
18.06.2010 - 11:04
A seriyasının daha bir futbolçusu  “Neftçi”də!
Bakının “Neftçi” klubunun mövsümlərarası fasilədə transfer etmək istədiyi növbəti braziliyalı futbolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “Qremio Prudente” klubunda oynayan Uesli Barbosa de Moraeş karyerasını paytaxt təmsilçisində davam etdirəcək. Braziliya mətbuatı 29 yaşlı hücuma meylli yarımmüdafiəçinin artıq “Neftçi”nin üzvü kimi göstərib.

175 sm boya, 65 kq çəkiyə malik Uesli “Qremio Prudente”yə keçdiyi 2010-cu ilin əvvəlinədək vətənində “Rio-Preto”, “Mirassol”, Cənubi Koreyada “Çunnam Draqons”, Portuqaliyada “Pakuş de Ferreyra”, “Leyşoynş”un şərəfini qoruyub. Bu il oynadığı komandada San-Paulu ştatının çempionatında 17 görüşə 4 qol vurmaqla yanaşı, A seriyasında 5 dəfə meydana çıxıb.

Qeyd edək ki, Uesli “Neftçi”nin transfer etdiyi braziliyalı müdafiəçi Denis Silva ilə birlikdə “Qremio-Prudente”nin heyətində çıxış edib. “Ağ-qaralar”ın nümayəndələri 1 ay Braziliyada seleksiya işləri aparıblar.